Modern.az

Süleyman Ünal: “Taksim hadisələrinin arxasında “dərin güclər” durur”

Süleyman Ünal: “Taksim hadisələrinin arxasında “dərin güclər” durur”

Ölkə

11 İyun 2013, 11:57


İstanbulun Taksim meydanında, Gəzi Parkında ağacların kəsilməsi ilə başlanan aksiya 15-ci günündə də davam edir. Bütün dünyanın gözü Türkiyədə olarkən bu hadisələrin daha sonradan hansı istiqamət alacağı müzakirə edilir. Bəs Azərbaycanda fəaliyyət göstərən türkiyəli jurnalistlər bu haqda nə düşünür?

“Zaman-Azərbaycan” qəzetinin baş direktoru Süleyman Ünal Türkiyənin Gəzi Parkında yaşıllıqların qorunması ilə başlayan, daha sonra başqa don geyinən aksiya haqqında fikirlərini Modern.az-la bölüşüb.

“İstanbulda - Taksimdə Gəzi parkı ağaclarının kəsilməsinə qarşı çıxanların başlatdığı aksiyanın bütün Türkiyə ərazisində yayılması və bu günə qədər baş verən hadisələrdən idarəçilər, aksiyanı təşkil edənlər, təhlükəsizlik əməkdaşları və xalq-bir sözlə hamı dərs almalıdır. Eyni zamanda media da bu hadisələrdən dərs almalı və məsuliyyəti dərk etməlidir”.

Süleyman Unal qeyd edib ki, Türkiyənin əvvəlki ölkə olmadığı son 7 ildə yaşanan hadisələrdən də məlum olur. “Hökumətə qarşı çıxanlar, terror təşkilatları, Türkiyədə hakimiyyət qurmaq istəyən xarici qüvvələr və bu kimi başqaları hər zaman dinc yolla təşkil edən aksiyalardan istifadə etmək istəyirlər. Ən əsası isə hökumətin bütün bunlara imkan verməməsi və xalqın önəmli tələb və təkliflərinə qulaq asaraq yerindəcə müdaxilə etməsidir”. 

Baş direktor vurğulayıb ki, əgər ağacların kəsilməsi ilə bağlı əvvəlcə xalq və daha sonra bütün media məlumatlandırılsaydı, problemin həlli daha tez olardı.

“Qərb ölkələrində buna oxşar vəziyyətlərdə ağacları kəsmək və ya parkı məhv etmədən öncə orada tikiləcək layihə haqqında xalqa məlumat verilir və onların fikirləri öyrənilir. Türkiyədə də bu cür addım atılsaydı və qeyd edilsəydi ki, bu ağacların kəsilməsi ilə yerində bunun on qat artığı əkiləcək, heç bu gün aksiya belə böyüməzdi. “Ağacları kəsmək məsələsi olmasaydı, onlar rahat duracaqdırlarmı?” deyə soruşa bilərsiniz. Əlbəttə, onların planı var idi. Onsuz da onların uzun zamandan bəri belə plan hazırladıqları məlum olub. Sadəcə olaraq ağacların kəsilməsi ilə başlayan aksiyanı fürsət bilib, bütün Türkiyədəki qüvvələrini ortaya ataraq məsələni fərqli istiqamətə yönəltmək istəyirlər. İstanbulun Taksim meydanında aksiyaçılar bu təşkilatların istədiyi kimi hərəkət etmədilər, amma başqa şəhərlərdə aksiyaçıların zaman-zaman şiddətin artmasına, insanların mallarının talan edilməsinə və ya işə çıxmalarına mane olmaları xalqı narahat edir. Əvvəlcə aksiyaya dəstək verənlər, sonradan anarxiya istəyən təşkilatların oyunlarını bilib geri çəkildilər”.

S.Ünal qeyd edib ki, Türkiyənin əvvəllər buna bənzər hadisələr yaşadığı nəzərə alınsa, hökumətin bu gün baş verən olaylara da hazırlıqlı olması gərəkli idi.

“Lakin sosial media şəbəkəsi vasitəsilə verilən yalan və ya təhrif edilmiş xəbərlər, fotolarla xüsusilə gəncləri bura yönəltmək istəyirlər. Bu səbəbdən internet mediası və digər sosial şəbəkələr hadisələri daha da qızışdırırlar. Xatırlasanız, İstanbul başda olmaqla bir çox şəhərlərdə respublika mitinqləri təşkil edilmişdi. Onlar mühafizəkar prezidenti seçmək istəmirdilər, amma əslində istədiklərinin tərsi oldu. Abdulla Gül prezident oldu, bundan əlavə, gələcəkdə prezidentin birbaşa seçkilərlə seçilməsi barədə referendum rəyi qətiləşdi. Son hadisələrdən çıxarılan ən önəmli dərslərdən biri isə “dərin güclər” adlandırılan kəsimin yox olmadığını, fürsətdən istifadə edərək Türkiyədə aranı qatışdırmaq istədiyini bir daha göstərdi”.  

Aytən ƏLİYEVA
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi