Qubada kütləvi soyqırımı məzarlığında abidə kompleksinin tikintisi başa çatmaq üzrədir. Bu barədə Modern.az-a açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramov bildirib.
“Artıq abidə kompleksində tamamlama işləri başa çatır. Bu yaxınlarda Uruqvaydan gələn parlament nümayəndələri ilə həmin məzarlığa getmişdim. Tikinti demək olar ki, tam başa çatıb. Yalnız daxili işlər qalıb. Cənab prezident iyul ayında rayonda olacaq. Bir sıra obyektlər açılacaq. Amma həmin muzeyin tamamlanması ilin axırına qalacaq. Çünki bu elə bir yerdədir ki, bir az daha yaxşı yol açılmalıdır. Bu günə kimi istifadədə olan yol adi camaat üçün idi. İndi dünyada ora maraq artıb. Ora başqa yoldan genişləndirmə aparılır. Təbii ki, bütün bunlar vaxt tələb edir. Mənə elə gəlir ki, muzey ilin axırına kimi təhvil veriləcək. Çox yaxşı alınacaq. Bir az beynəlxalq təcrübədən də istifadə olunub. Onun layihəsini görmüşdüm. Amma tikilib istifadəyə veriləndən sonra haradasa İsraildəki Holokost muzeyinin bir elementinə oxşayacaq”.
Məzarlığın adının dəyişdirilməsi ilə bağlı məsələyə də münasibət bildirən millət vəkili qeyd etdi ki, muzeyin adı dəyişdirilə bilər. Amma bu adın dəyişdirilməsi elə-belə olmayacaq. Onun sözlərinə görə, bu yuxarı orqanlarla razılaşdırılmış bir məsələ olacaq:
“Adın dəyişdirilməsi alimlərin fikridir, onların fikrinə qarışa bilmərəm. Hələ ki, bu gün şərti olaraq onu Quba məzarlığı adlandırırıq. Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya İnstitutu da oradadır. Onlar da həmin kütləvi soyqırımı abidəsini Quba məzarlığı adlandırırlar. Adı dəyişə bilərlər. Yəqin ki, bu yuxarı orqanlarla razılaşdırılmış bir məsələ olacaq. Rəyasət heyətində müzakirə edəcəklər. Bu elə-belə olmayacaq”, – deyə Yevda Abramov qeyd edib.
Gültəkin ƏLƏSGƏR