ABŞ rəsmiləri Krım yaxınlığında Rusiyanın Su-27 təyyarəsi ilə toqquşduqdan sonra Qara dənizə düşən "MQ-9 Reaper" PUA-sının şüşə lifi və kiçik hissələrin tapıldığını düşünür.
Modern.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən yazıb.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının kommunikasiya direktoru Con Kirbi PUA-nın qalıqlarının başqa əllərə keçməsini istəmədiklərini demişdi: "ABŞ vurulan pilotsuz təyyarənin başqa əllərə düşməməsi üçün addımlar atır. Aydındır ki, biz istəmirik ki, dron bizdən başqa bir tərəfin əlinə keçsin".
ABŞ ordusu məlumat yaymışdı ki, Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.