Modern.az

Qəfəsdəki “popuqay”, “qəbirdəki ölü” və nəhayət “jurnalistləri rədd edin” - Şərh

Qəfəsdəki “popuqay”, “qəbirdəki ölü” və nəhayət “jurnalistləri rədd edin” - Şərh

Media

12 İyun 2013, 11:10

Sözü qələmdən kəsərli olan məmurların jurnalistlərə münasibəti


Dünyanın əksər ölkələrində, o cümlədən Qərb dövlətlərində dördüncü hakimiyyət adlandırılan jurnalistika və dördüncü hakimiyyətin nümayəndələri olan jurnalistlərə böyük hörmət və rəğbət var. Onların işıqlandırdıqları hər hadisə, qələmə aldıqları problemlərə anındaca hökümət nümayəndələri tərəfindən münasibət bildirilir, bir çox məsələlər öz həllini tapır. Eyni zamanda jurnalistin toxunduğu adi bir problem, çəkdiyi şəkil də bütün xalqın ayağa qaxmasına səbəb olur.

Azərbaycanda vəziyyət necədir? Jurnalist hər kəsdən sonda gəlir, jurnalist sayılmır və lazım gələrsə təhqir edilir, aşağılanır. Sanki hökumət nümayəndələrinin gördüyü işləri xalqa çatdıran jurnalistlər deyil. Lazım gələndə jurnalist sayılır, lazım olmayanda isə görməzliyə vurulur. Hökumət nümayəndələri tərəfindən media nümayəndələrinin aşağılanması getdikcə ad hal almaqdadır. Əvvəllər jurnalistlərdən çəkinirdilərsə, indi heç saymırlar da. Bir dövlət adamının irəli düşməsi kifayət idi ki, ardı gəlsin...
 
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun jurnalistlərə “popuqay” deməsinin ardından digər məmurlar da alçaldıcı ifadələr işlətməyə, təhqirlər yağdırmağa başladılar. Tağı Əhmədovun başlatdığı lokomitivin hərəkətini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, indi isə Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə davam etdirdi.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayan media nümayəndələrinə səsinin tonunu artıraraq “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz” deyə təhqir edib. Bununla kifayətlənməyən Metropoliten rəisi “İşiniz, gücünüz, yoxdur? Səviyyənizi, yerinizi bilin” deyə media nümayəndələrini səviyyəsizlikdə ittiham edib. Sonra bu vəziyyətdən çıxmaq istəyən metropoliten rəhbəri “papuqay” sözünü özünə dediyini və heç də jurnalistləri təhqir etmədiyini açıqlamışdı.

Üstündən az bir müddət keçməmiş Bakı meri Hacıbala Abutalıbovdan media nümayəndələrinin ünvanına növbəti təhqir eşidildi. “Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”. O, Gül bayramında isə məsələyə belə aydınlıq gətirir: “Jurnalist var ki, özünə hörmət edir, jurnalist var ki, cibinə hörmət edir, jurnalist də var ki, nə özünə, nə də cibinə hörmət etmir. Nə özünə, nə də cibinə hörmət etməyən, mənəviyyatı çox aşağı olan jurnalist görəndə əlbəttə ki, qəbirdəki ölü görürəm”.

Dünən isə daha bir dövlət məmurundan media nümayəndələrinin ünvanına təhqir eşidildi. Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə jurnalistlərin açıqlama almasına imkan verməyərək, qışqıraraq, mətbuat təmsilçilərinin bayıra atılmasını mühafizə xidmətindən tələb edib. "Jurnalistləri burdan rədd edin!", tələbindən sonra mühafizə xidməti media nümayəndələrini içəridən çıxarıb.

  Nəzərə alsaq ki, jurnalistin işi sual verib, verdiyi suala cavab alıb, cəmiyyəti məlumatlandırmaqdır, təbii ki, onlar kimlərdənsə açıqlama almalıdır. Jurnalistin işini ondan yaxşı bilirlər ki, onlara nə etmələrini məmurlarımız öyrədir? Lakin unutmayaq yazan qələm hər zaman itidir. Bu qələmin mürəkkəbindən isə keçən sözlər də qələm qədər kəsərlidir.  

Aytən ƏLİYEVA
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi