Modern.az

Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb - Deputat

Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb - Deputat

17 Mart 2023, 12:50

“Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ikili standartların, qərəzli yanaşmasının növbəti təzahürüdür. Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir”.  
 
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


“Mən bu qətnaməni qəbul edənlərə belə bir sual ünvanlamaq istəyirəm: bu gün mənim rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri barbarcasına dağıdılıb. Bu gün mən böyüyüb boya-başa çatdığım evimi tapa bilmirəm. Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, bu qəbirləri və sümükləri təhqir ediblər. Siz təsəvvür edirsinizmi bu nə deməkdir?

Eyni zamanda, bizim ibadət yerlərimiz, 67 məscidimiz barbarcasına dağıdılıb, içərisində donuz və inək saxlanılıb. Bütün bunlar məqsədli edilib”.
 

Deputat bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra da ermənilər torpaqlarımızda mina basdırmağa, davamlı olaraq atəşkəsi pozmağa davam etdilər.

“Bəs 30 ilə yaxın müddətdə Avropa Parlamenti harada idi? Niyə bütün bunlara heç bir reaksiya verilmədi? Yoxsa bunları görmək və eşitmək istəmirlər?

Niyə o vaxt Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan tələb etmədilər Azərbaycan torpaqlarını boşaltmağı? Bəlkə bütün bunlar müsəlman olduğumuza görədir? Bəlkə Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan “səlib yürüşləri”ni davam etdirmək niyyətindədir? Bu nə siyasət və yanaşmadır?

Bu kimi addımlar və cəhdlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı haqq yolundan döndərə bilməz. Biz haqlı olduğumuzu dəqiq bilirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir