Modern.az

"Türkiyə regionda əvvəlki gücünü itirəcək" - ŞƏRH

"Türkiyə regionda əvvəlki gücünü itirəcək" - ŞƏRH

12 İyun 2013, 15:26


Türkiyədə son günlər baş verən proseslərlə bağlı müzakirələr səngimək bilmir. Artıq dünyanın əsas diqqət mərkəzinə çevrilən Türkiyədəki etiraz aksiyaları siyasi gündəmin prioritetinə çevrilib. Bəs görəsən, Taksim olayları Türkiyənin bölgədəki nüfuzuna xələl gətirə bilərmi?

Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, cərəyan edən proseslər Türkiyənin nüfuzuna ciddi ziyan vuracaq.

“Bu hadisələr inkişaf etməkdə davam edərsə, Türkiyənin başı daxili proseslərə qarışacaq”-deyən politoloqun fikrincə, bununla da bölgədə siyasi aktivliyinin azalması müşahidə olunacaq.

Mərkəz rəhbəri hesab edir ki, iqtisadi inkişafa nail olmuş Türkiyə artıq daxili problemləri həll edərək sabitliyə nail olma ərəfəsində bu proseslərin baş verməsi bir sıra məsələdən xəbər verir.

“Türkiyə hətta illərdir davam edən PKK problemini də həll etmək istiqamətində iş aparırdı. Birdən-birə bu olayların üzə çıxması və hakimiyyətin aksiyaçılara qarşı güc nümayişi qarşı tərəfin də etirazlarının müxtəlif şəhərlərdə davam etdirməsinə şərait yaratdı. Bu da Türkiyəni nisbətən zəiflədə bilər. Bu ölkənin daxili birjalarında da qiymətlər enib. Türkiyənin ən çox gəlir qaynağı turizmdəndir. Lakin yaşanan olaylar turizmə də müəyyən qədər mənfi təsir göstərə bilər”.

Qeyd edək ki, Türkiyədə Gəzi parkının sökülməsinə etiraz əlaməti olaraq başlayan aksiyalar artıq iki həftədir ki, davam edir. İğtişaşlar zamanı 4 nəfərin öldüyü bildirilir.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?