Tanınmış vəkil Əsabəli Mustafayev 2003-cü ilin oktyabr hadisələri ilə əlaqədar məhkum olunanlardan müdafiə etdiyi 9 nəfər haqda məhkəməyə müraciət edəcək. Vəkilin bu addımı atmasına səbəb isə həmin şəxslərə göstərdiyi hüquqi yardımın əvəzində ödənilməli olan pulun indiyə kimi verilməməsidir.
Avropa İnsan Hüquqları Məhkəməsi 11 dekabr 2012-ci ildə 2003-cü ilin oktyabr hadisələri ilə əlaqədar məhkum olunmuş 11 nəfər barəsində qərar qəbul edib. Vəkil Əsabəli Mustafayev deyib ki, müdafiə etdiyi 9 nəfərdən 8-nə 10 min avro, 1-nə isə 12 min avro ödənilib: “Mən bu şəxslərdən bir neçəsi barədə məhkəmə iddiası qaldırmağa hazırlaşıram. Məsələ ondadır ki, Avropa Məhkəməsindəki proses mənim əməyim və şəxsi xərclərim əsasında aparılıb. Əmin idim ki, işləri Avropa Məhkəməsində udacağam, şəxsin hüquqlarını bərpa edəcəyəm. Həm də bununla yanaşı, çəkdiyim əməyin və zəhmətin əvəzi qismən də olsa ödənəcək".
Modern.az-ın məlumatına görə, əvvəlcə “Məhkəmə araşdırması başlanmayana qədər mən konkret adlar çəkmək istəmirəm. Ümid edirəm ki, məhkəmələr mətbuatda geniş işıqlandırılacaq, çünki belə proseslər indiyə qədər olmayıb. Həm də belə şəxsləri ictimaiyyətə tanıtdırmağa ehtiyac var” deyən Əsabəli Mustafayev sonra fikrini dəyişib. Belə ki. O, məhkəməyə verəcəyi keçmiş müştərilərindən binin adını çəkib..
Vəkil həmin 9 nəfərdən birinin “Ehtiyatda və İstefada olan Zabitlər” Birlyinin rəhbəri, Milli Şuranın üzvü Yaşar Cəfərli olduğunu bildirib. Vəkil üstündən illər ötəndən sonra bu məsələnin qaldırmasının səbəblərinin pulda deyil, saymamazlıqda görür.
“Mən bu yazışmalara reaksiya vermək istəməzdim. Çünki qabaqda məhkəmə prosesləri olacaq. Ancaq Yaşar Cəfərli guya ona hüquqi xidmətin ATƏT-in ayırdığı qrant hesabına göstərildiyini deyib. Görünür digərləri də öz hərəkətlərinə bəraət qazandırmağa çalışacaq. Cəfərliyə demək istəyirəm ki, həmin bu 9 nəfərin ərizələri Avropa Məhkəməsinə 2005-2006-cı illərdə göndərilib. ATƏT-in pulsuz yardımı isə 2009-cu ildən başlayıb. Dostlar, təkrar edirəm, bu pul davası demək deyil, mənəviyyat davasıdır. Mən də əvvəllər bu insanlar barədə yüksək fikirdə idim. Adamı sınamaq istəyirsənsə, ona ya pul ver ya da vəzifə”-deyə vəkil vurğulayıb. Ə.Mustafayev daha sonra adının bu qalmaqalda hallandırılmasına görə Hacı İlqar İbrahimovdan üzr istəyib: “Hacı İlqardan üzr istəyirəm ki, bu məsələlərdə onun adını çəkirlər”.
Qeyd edək ki, vəkil Əsabəli Mustafayev haqqında məhkəmə müraciət edəcəyi şəxslərin kimliyi məlum olub. İlkin ehtimallara görə, onlar Müsavat Partiyasının üzvləri Bəhruz Əsədbəyli, Həsən Məmmədov, Elşad Məmmədov, Emin Hüseynli, Şirəli Həmidov, Saleh Əliyev, Ramiz Quliyev, Sadiq Daşdəmirli və hərbi ekspert Yaşar Cəfərlidir.
Anar RÜSTƏMOV