"Amma nə edək ki, bizim namizədimiz o qədər güclüdür.."
Modern.az Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradovanın hakim partiyanın saytına verdiyi müsahibəni təqdim edir:
- İyun ayının 7-də Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Siz, həm Partiyanın İdarə Heyətinin üzvü, həm Qurultay nümayəndəsi kimi, bu tarixi tədbiri və onun aldığı qərarları necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, Azərbaycanda bütün dövrlərdə Yeni Azərbaycan Partiyası və onun fəaliyyəti müzakirə predmeti olub. İctimai-siyasi proseslər bizim mövqeyimizə, bizim atacağımız addımlara uyğun müəyyənləşdirilib. O mənada, bütün gözlər bizim üzərimizdədir – həm Azərbaycana kənardan tikilən gözlər, həm Azərbaycanın daxilindəki dairələr Yeni Azərbaycan Partiyasının fəaliyyəti, onun ali məclislərinə, forumlarına, bu və ya digər məsələlərdə mövqeyinə, atdığı addımlara uyğun öz mövqelərini sərgiləyirlər. Buna mən təbii yanaşıram, çünki Yeni Azərbaycan Partiyası bunu öz əməli fəaliyyəti ilə qazanıb. O ki qaldı, seçki ili olması etibarilə, ilin əvvəlindən aktivləşən duruma, getdikcə, daha artıq qızışan münasibətlərə və temperaturun qalxmasına, belə bir məqamda, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının öz qurultayını keçirəcəyi və hansı qərarları qəbul edəcəyi ilə bağlı çoxsaylı proqnozlar, ehtimallar səsləndirilməkdə idi. Bu ehtimalları irəli sürənlər də bilirdilər ki, hər kəsdən və hər şeydən doğru qərarı Yeni Azərbaycan Partiyasının Qurultayı verəcək və ona qədər söylənilən fikirlərin hamısı yalnız ehtimallardan ibarət idi.
Qurultayda Yeni Azərbaycan Partiyasının demək olar ki, bütün rayon və şəhər təşkilatlarından seçilmiş nümayəndələr iştirak edirdilər. Qurultaydan öncə Partiyanın rayon və şəhər təşkilatlarının, gənclər təşkilatlarının, bir sıra digər ictimai qurumların keçirdikləri toplantılarda YAP-ın prezident seçkilərində namizədinin Prezident İlham Əliyev olması təklifi irəli sürülmüşdü. Bu o deməkdir ki, YAP-ın Qurultayında alınan qərar təkcə Partiyanın deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin istəyi, arzusu və verdiyi qərardır. Beləliklə, Partiyanın Qurultayında da Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yekdilliklə qəbul olundu. Təşəkkür edirik ki, prezidentimizin özü də qərarı dəstəklədi və onun qəbul olunmasında iştirak etdi. Partiya artıq seçki qanunvericiliyinə uyğun olaraq öz namizədinin seçkiyə hazırlıq işlərini kampaniyaya başlayan zaman yüksək səviyyədə həyata keçirəcəkdir”.
Qurultayın bu qərarı sıradan bir qərar deyil. Bu gün prezidentliyə namizədliyini elan edən çoxsaylı namizədlər, qurumlar var. Hətta onların sırasında oyuncaq qurumlar da, kimlərinsə alternativi olmaq istəyini reallaşdırmaq arzusunda olanlar da var. Biz buna qarşı deyilik. Azərbaycanda demokratik bir cəmiyyət mövcuddur və biz çox istərdik ki, bizim güclü namizədimiz qarşısında güclü alternativlər olsun. Amma nə edək ki, bizim namizədimiz o qədər güclüdür, siyasi kapitalı o qədər möhkəmdir ki, ötən illər ərzindəki fəaliyyəti, əldə etdiyi nailiyyətlər Azərbaycanı o qədər irəliyə aparıb ki, Onunla mübarizədə rəqabətə davamlılıq ortaya qoya biləcək ikinci bir namizəd görmürük. Amma bununla belə, seçki bir yarışdır, biz bu yarışa çox yüksək əhval-ruhiyyə ilə, çox böyük ciddiyyətlə, yeni hədəflərlə giririk. Yeni hədəfimiz də "Güclü lider, güclü Azərbaycan deməkdir". Bu, Qurultayın da əsas devizi idi. Bundan əvvəlki seçkilərdə zəngin və qüdrətli, güclü Azərbaycan uğrunda biz mübarizəyə girmişdik və bu mübarizədən də qalib çıxmışdıq. Bizim namizədimiz İlham Əliyev prezident seçilərək irəli sürdüyü şüarları real iş olaraq, həyatda ortaya qoydu. Və biz söz deyil, əməl partiyası olduğumuzu növbəti dəfə sübut etmiş olduq. Cənab İlham Əliyevin elə bir vədi, Partiya tərəfindən irəli sürülən elə bir şüar, elə bir məqsəd olmayıb ki, o, həyatda reallaşdırılmasın. İlham Əliyev verdiyi bütün vədləri ardıcıl olaraq, yerinə yetirən lider kimi Öz gücünü ortaya qoymuşdu. Ona görə də, Yeni Azərbaycan Partiyasının bu qərarının təkcə partiyamızın deyil, bütövlükdə Azərbaycan xalqının mütləq əksəriyyətinin qərarı kimi yerinə yetiriləcəyinə inamımız sonsuzdur. Ona da inanırıq ki, çox geniş əhali kütləsi, çox geniş təbəqələrin nümayəndələri bu seçkidə yenə də İlham Əliyevin yanında olacaqlar və Onun qələbəsini təmin edəcəklər. Çünki bu, nə İlham Əliyevin şəxsi qələbəsi, nə partiya qələbəsi sayıla bilər. Bu, Azərbaycan xalqının və dövlətçiliyinin qələbəsidir, Azərbaycan xalqı və dövləti naminə atılan bir addımdır. Fəaliyyət də yalnız o adla ortaya qoyulur, nəticə də yalnız Azərbaycan xalqına və dövlətinə xidmət edir. Ona görə də, İlham Əliyevin də Qurultayda söylədiyi kimi, kim ki Azərbaycan xalqının maraqlarından kənar maraq ortaya qoyacaqsa, ictimai-siyasi proseslərdə onun yeri yoxdur. Reallıq da onu sübut edir ki, bu gün başqa hədəflər, başqa məqsədlər, yalnız özlərini gözdən salmağa xidmət edirlər. Ona görə də, bu gün onların cəmləşdiyi qurumlar, şüarları, müəyyənləşdirdikləri hədəflər Azərbaycan xalqını çox az maraqlandırır. Bir qrup özünü reallaşdıra bilməyən, hədəflərinə çata bilməyən, həyatı yalnız uğursuzluqla müşayiət olunan insanların narazılığını çıxsaq, Azərbaycan bütövlükdə Heydər Əliyev yoluna, Heydər Əliyevin irəli sürdüyü namizədə və Heydər Əliyevin Azərbaycan xalqına əmanətinə sadiqdir.
- Qurultayda həm də Partiyanın rəhbər orqanlarının tərkibində müəyyən dəyişikliklər edildi. Bir çox ekspertlərin Partiyanın gələcək həyatında mühüm nailiyyətlərə və YAP-ın daha da güclənməsinə xidmət edən dəyişikliklər kimi qiymətləndirdiyi bu qərarları təəssüf ki, bəziləri mahiyyətindən uzaq şəkildə şərh edirlər. Siz necə hesab edirsiniz, bu dəyişikliklər Partiyanın gələcək fəaliyyətinə nələri qazandıracaq?
- Bu, Partiyanın V Qurultayı idi və bu günə qədər Qurultaylarda həm İdarə Heyətində, həm Siyasi Şurada müəyyən dəyişikliklər olunmuşdu. Bu da təbiidir. Çünki Partiya yarandığı vaxtdan inkişafdadır, artıq Partiyanın üzvlərinin sayı 600 mindən çoxdur, YAP ümumxalq partiyasına çevrilib, ən müxtəlif təbəqələrin nümayəndələri burada iştirak edirlər. Ona görə də, partiyaya yeni–yeni qüvvələr, xüsusilə, gənclik və onun fəal hissəsi, qadınlar üzv olurlar və onların nümayəndələri də bu tərkiblərdə təmsil olunurlar. Hər nəslin nümayəndəsi partiyanın strukturlarında təmsil olunmalıdır və bu gün zamanında partiyanın qurulmasında, yaradılmasında iştirak etmiş şəxslərlə yanaşı, son dövrlər partiya fəaliyyətinə qoşulmuş gənclərin nümayəndələri artıq bir arada təmsil olunurlar. Bu, təkamül, inkişaf yolunu tutmuş partiyanın fəaliyyətinin bariz nümunəsidir. Doğrudur, bunu bu gün müxtəlif şəkildə yozanlar var, amma biz partiya üzvləri, onun strukturlarında təmsil olunmuş şəxslər bilirik ki, bu, Azərbaycanda yalnız Yeni Azərbaycan Partiyasında çox ağrısız, çox təbii və normal qarşılanan bir prosesdir. Nəsillərin bir-birini əvəzləməsi, daha fəal, daha enerjili gənclərin irəli çəkilməsi partiyanın qarşıya qoyduğu hədəflərə, zamanın tələblərinə uyğundur və bütövlükdə partiyanın qarşısına qoyduğu hədəflərə çatması üçün çox vacibdir. Bildiyiniz kimi, son qurultayda da Siyasi Şuranın, İdarə Heyətinin tərkibində müəyyən dəyişikliklər oldu, yeni kadrlar cəlb olundu. Həmin şəxslər bu struktura yeni daxil olsalar da, partiya sıralarında çoxdan yer alırlar. Partiyanın formalaşmasında, inkişafında, bugünkü nailiyyətlərində onların da çox böyük zəhməti var. Ona görə də, alınan qərarlar həm onların zəhmətinin, əməyinin dəyərləndirilməsi, həm də partiyanın yeni kadrlarla zənginləşməsi deməkdir.
- Bahar xanım, bildiyimiz kimi, siz 2005-ci ildə Milli Məclisin sədr müavini təyin edildikdən sonra YAP İcra katibinin müavini vəzifəsindən istefa vermisiniz. Amma nədənsə, bəzi maraqlı dairələr məhz bu gün – V Qurultaydan sonra bu məsələni xatırlayıblar və bunu qərəzli şəkildə şərh edən fikirlərə rast gəlirik. Bununla bağlı, nə deyə bilərsiniz?
- Mən çox təəssüf edirəm ki, onlar özləri də bildikləri bir məsələni bu gün tamam başqa şəkildə təqdim etməyə çalışırlar. Çünki onlar partiya qurultayından əvvəl, proqnozlar, ehtimallar səsləndirir, hansısa ciddi dəyişikliklər olacağını iddia edirdilər. Bütün bunlar isə baş vermədi. Partiyamızın daha da güclənməsinə, dövrün, zamanın tələblərinə, Partiyanın özünün daxilindən gələn tələbata uyğun bir şəkildə müəyyən dəyişikliklər oldu. Bu da təbiidir və olmalıdır. Konkret mənimlə bağlı məsələyə gəldikdə isə, sözün düzü, mən çox təəssüf etdim.
Bildiyiniz kimi, 2005-ci ildə mən həm partiyamız, həm də Milli Məclis üzvləri tərəfindən çox böyük etimada layiq görüldüm. Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi, Milli Məclisin sədr müavini seçildim. Bu, çox böyük və məsuliyyətli bir vəzifədir. Mən bu vəzifəyə seçilməyimə görə, Yeni Azərbaycan Partiyasına borcluyam. Ümumiyyətlə, bu gün mən və mənim həmkarlarımın əldə etdiklərimiz nə varsa, bu partiyada olmağımızdan, bu partiyanın prinsiplərini qəbul etməyimizdən, onun sıralarında fəaliyyət göstərməyimizdən və bu partiyanın bizə etimad göstərməyindən asılıdır. Fərdi şəkildə, əlbəttə ki, bu uğuru çox az adam əldə edə bilərdi. Bizim uğurumuzu təmin edən çox böyük və güclü bir partiyanın nümayəndəsi olmağımız və özümüzün də nəinki o partiyanın içində, partiyanın bizim içimizdə olmasıdır. Mən bu gün partiyanın və onun Sədrinin əsgəriyəm. O, məni hara göndərəcəksə, mən ora çox böyük məmnuniyyətlə gedərək canla–başla o tapşırığı yerinə yetirməyə hazıram. 2005-ci ildə də mənə belə bir tapşırıq verildi və Milli Məclis sədrinin müavini seçildim. Seçildiyim andan da bir neçə gün sonra ərizə ilə cənab Prezidentə və İcra Katibliyinə müraciət etdim. O vaxtdan da icraçı qurumda rəsmi olaraq işimə xitam verildi. Amma mən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin apardığı işlərdə bu günə kimi də iştirak edirəm, bundan sonra da iştirakıma davam edəcəyəm.
Modern.az