“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl mitinqdə iştiraka görə kəsilən cəriməni ödəmədiyi üçün Binəqədi rayon Məhkəməsi tərəfindən 220 saat icbari əmək işlərinə məhkum edilib. X.İsmayıl bu qərardan apelyasiya şikayəti verəcəyini və məhkəmə qərarının qüvvədə qalacağı təqdirdə onu icra edəcəyini bildirib.
”Bütün hallarda mən apellyasiya şikayəti verəcəyəm və bu məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət edəcəyəm. Amma şikayət qəbul edilənədək burada onun icra tədbirləri ilə üzləşmək lazım gələ bilər. Hər halda, seçiləcək tədbirlər nə olacaqsa, onlardan Azərbaycanda toplaşma azadlığının olmadığı, insan haqlarının pozulması ilə bağlı daha çox sayda adamı məlumatlandırmaq üçün istifadə etməyə çalışacağam.
Mən qərarın icrasından qorxmuram. İctimai işlər cəzası faciə deyil. Zatən ictimai işlərlə məşğuluq. Zatən ölkəni pisliklərdən təmizləmək həm peşə etibarilə, həm vətəndaş olaraq istədiyim vəzifədir. Təmizlə deyirlər, təmizləyək də...”.