Modern.az

Diaspor gənclərimiz niyə bu il Naxçıvanda toplaşır...

Diaspor gənclərimiz niyə bu il Naxçıvanda toplaşır...

Diaspor

23 Mart 2023, 13:37

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” 12-18 avqust tarixlərində qədim Azərbaycan torpağı  Naxçıvanda keçiriləcək.


Düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.


Düşərgə iştirakçıları bir həftə ərzində Naxçıvanın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

 

Ötən il Diaspor Gənclərinin Yay Düşərgəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilib. Əlli ölkədən 115 gəncin qatıldığı Diaspor Gənclərinin III Yay Düşərgəsi zamanı iştirakçılar zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə ediblər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizdə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxil olub. 

 

Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

 

Bəs bu il düşərgənin Naxçıvanda keçirilməsinin əhəmiyyəti nədir?


Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə qeyd edib ki, bu yolla xaricdə yaşayan gənclərimiz Azərbaycan haqqında daha çox məlumata yiyələnirlər.


"Diaspor gənclərinin yay düşərgələrinə aparılması bir ənənə halına gəlib. Məqsəd xaricdə yaşayan diasporumuzun yetişən nəslinin Azərbaycan barəsində məlumatlarının çoxalması və ana vətəninə bağlanmasıdır. Onlar bu yolla ölkəmiz haqda məlumatları birbaşa öyrənə bilirlər. Bu cür lahiyələri tək Azərbaycan deyil, bütün ölkələr həyata keçirir. Ötən düşərgə, səhv etmirəmsə, Şuşada keçirilmişdi. Gənclərimiz işğaldan azad edilmiş ərazilərdə olan vəziyyəti, Şuşa mədəniyyəti, eyni zamanda şəhərdə gedən böyük işlərlə tanış olmuşdular", - deyə o bildirib.


A.Mirzəzadə vurğulayıb ki, bu tədbirin Naxçıvanda keçirilməsi ilə gənclərimiz bu ərazini yaxından tanıyacaqlar: "Naxçıvan zəngin mədəni irzə malik olan bir bölgəmizdir. Azərbaycan tarixinə çox görkəmli dövlət və mədəniyyət xadimləri bəxş edib. İndinin özündə də blokada şəraitində olmasına baxmayaraq dövlətçiliyimizin qoruyub saxlanılmasında naxçıvanlıların böyük xidməti var. Hesab edirəm ki, düşərgənin Naxçıvanda keçirilməsi diaspor gənclərimizi Azərbaycana daha çox bağlayacaq. Ölkəmizdə tək bir bölgə haqqında deyil, bütün ərazilər haqqında məlumatlandırılacaqlar. Naxçıvanda 3 universitet, teatr fəaliyyət göstərir. Məhz bu ərazi füsunkar təbiətə sahibdir. Mümkündür ki, bu cür düşərgələr Azərbaycanın digər bölgələrində də keçirilsin. Azərbaycana dost olan millətlərin də bu düşərgədə iştirak edə bilməsi çox gözəl ideadır. Bu idea ölkəmizlə digər dövlətlər arasında humanitar körpünün daha da möhkəmlənməsinə yardım edəcək. Həmçinin, digər xalqlarda Azərbaycan haqqında məlumat olmasına şərait yaradacaq. Bu vasitə ilə mədəniyyət və incəsənətimizi dünyaya tanıdacağıq. Onlar qayıdaraq dövlətimiz haqqında xoş təəssüratlarını bölüşəcəklər. Eyni zamanda bu vasitə ilə xaricdən gələn şəxslər öz ölkələrində fəaliyyət göstərən Azərbaycanın diaspor nümayəndələrinə yaxşı münasibət göstərib, əlaqənin güclənməsinə xidmət edəcək."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı