Abbas Abbasovun oğlu deputat Aydın Abbasov virtualaz.org saytına açıqlamasında son vaxtlar Azərbaycanda atasının ətrafında gedən prosesləri dəyərləndirib. Aydın Abbasovun müsahibəini təqdim edirik.
- Azərbaycanda atanıza qarşı aparılan kampaniyaya necə baxırsınız?
- Azərbaycan mətbuatında Abbas Abbasovun şəxsiyyətini ləkələməyə, onu qaralamağa yönəlmiş aksiya gedir. Bu, dövlət səviyyəsində aparılan kampaniya deyil. Bu, ayrı-ayrı adamların atamın adından sensasiya yaratmaq cəhdləridir. Bundan isə heç bir şey alınmayacaq. Mənim atam dövlətçiliyə bağlı, Heydər Əliyevin və onun varisi İlham Əliyevin kursuna sadiq adamdır. Atam Rusiyada ictimai fəaliyyətlə məşğuldur, onun siyasətə bağlılığı yoxdur. Abbas Abbasovun başçılıq etdiyi qurum Rusiyanın bir çox şəhərlərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı təntənəli tədbirlər keçirib. Bir daha deyirəm ki, atam dövlətçiliyə və İlham Əliyevə sadiqdir və onu ləkələmək cəhdləri arzu olaraq qalacaq.
- YAP-ın bəzi üzvləri də atanıza qarşı çıxışlar edirlər...
- Müxalifət mətbuatının fərziyyə və uydurmalarına əsaslanıb belə çıxışlar edən həmkarlarımın bəyanatlarını düzgün saymıram. Mən “bu, ola bilər” prinsipi ilə işləyən müxalifət mətbuatına inanmram və güvənmirəm. Mən onlara belə cavab verirəm: bu, ola bilməz. Bəzi adamlar mənim və atamın adından istifadə edib sensasiya yaratmaq istəyirlər. Mən onların qarşısında özümə bəraət qazandırmaq istəmirəm. Amma şərəf və ləyaqət deyilən anlayışlar da var. Onlar bunu gərək başa düşsün və unutmasın.
- Sizcə, Abbas Abbasova qarşı kampaniyanın arxasında kim dayanır?
- Mən ekspert və ya psixoloq deyiləm ki, bunu biləm. Mən onun oğlu kimi danışıram. Atamın 4 oğlu var və biz hamımız Azərbaycan adət-ənənələrinə uyğun yaşayırıq. Kimlərsə belə bəyanatlarla öz şəxsi məqsədlərinə çatmaq istəyir. Amma biz təxribata gedən adamlardan deyilik. Biz artıq seçimimizi eləmişik. Bu seçim İlham Əliyev və çiçəklənən Azərbaycandır.
- Azərbaycanda özünüzə qarşı hansısa təzyiq hiss edirsinizmi?
- Mən Milli Məclisin üzvüyəm. İnsan haqlarına riayət edilən demokratik, azad ölkədə insana hansı təzyiq ola bilər? Mənə birmənalı şəkildə təzyiq yoxdur. Söz yox, mətbuatda bununla bağlı ağıllarına gələni yazırlar. Bilirsinizmi, mətbuat çox şeyi yazır, yazılanların da çoxu neqativ cəhətlər olur. Mənsə atamın işlərinə qarışmıram. O, Rusiyada soydaşlarımızla bağlı ictimai fəaliyyətlə məşğuldur.
- Mətbuatda belə xəbərlər yayılır ki, Abbasovlar ailəsi öz bizneslərini satıb pullarını Rusiyaya daşıyırlar...
- 15 yaşlı Hüseyn adlı bir oğlum var. Yeganə arzum odur ki, Hüseyn Azərbaycanda məktəbi bitirib ölkənin ən nüfuzlu ali məktəblərinin birinə daxil olsun. Mən öz gələcəyimi Azərbaycanla, tərəqqi ilə, İlham Əliyevlə bağlamışam. Bunu elə-belə demirəm. Bəzi KİV ağzına gələni yazır. Məsələn, yazırlar ki, bu günlərdə Milli Məclisin iclası olub, mən orada olmamışam, guya heç Azərbaycanda da deyiləm, Rusiyaya köçmüşəm, daha nələr. Bunların hamısı böhtandır. Həmin iclasda da olmuşam. Gördüyünüz kimi, hazırda da Azərbaycandayam. Üstəlik buradan harasa getməyi də düşünmürəm. Ola bilər Allah qismət eləsə, xaricə dincəlməyə gedərəm, amma indi buradayam.
Modern.az