Modern.az

Məşhur kimyaçı Zülfi Sadıxov vəfat edib

Məşhur kimyaçı Zülfi Sadıxov vəfat edib

Allah rəhmət eləsi̇n

26 Mart 2023, 11:28

Respublikanın və Sumqayıtın neft-kmya sənayesinə ağır itki üz verib.

Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, SSRİ-nin "Əlaçı kimyaçısı", "Əlaçı səmərələşdiricisi” və ixtiraçısı, keçmiş Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinn Sulfanol istehsalatının rəisi və baş mühəndisin müavini vəzifələrində çalışmış, ömrünün 50 ilini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş görkəmli istehsalatçı-kimyaçı, Sumqayıtın sonuncu ən çox titullu-ordenli, şöhrətli əmək adamı, vətənpərvər ziyalı, gözəl insan Zülfi Kazım oğlu Sadıxov uzun sürən xəstəlikdən sonra martın 25-də ömrüün 81-ci ilində vəfat edib.

Müharibə dövründə – 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq  kəndində dünyaya gəlmiş Zülfi Sadıxov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirərək, Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin herbisid istehsalı sexində çilingər kimi əmək fəaliyyətinə başlayıb və  istehsalatdan ayrılmadan Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsində mexanik ixtisası üzrə ali təhsil alıb.

İşə xüsusi can yandırması, əzmkarlığı, mühəndis bacarığı nəzərə alınaraq, çox keçmədən növbə rəisi, böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuş, 80-ci illərin əvvəllərində isə ona daha məsul bir vəzifə – birinci buraxılış sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğu ondan bilinir ki, o zaman həmin istehsalatın tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Zülfi Sadıxov fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən işləyərək, istehsalatda daim rekord göstəricilər qazana bilmiş, məişətdə işlənən yuyucu tozlar üçün əsas xammal olan sulfanolun keyfiyyətinin standarta müvafiq səviyyəyə çatdırılmasına nail olmuşdu.

Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixti­raçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və 5 texniki ixtiranın müəllifidir) Z.Sadıxov «SSRİ ixtiraçısı» və «Azərbaycanın Əməkdar mühəndisi» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçi­nin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmiş, bir-neçə mühəndis həmkarı ilə birgə Respublika Dövlət mükafatına layiq görülmüşdü.

İstedadlı kimyaçı, qabaqcıl istehsalat rəhbəri, vətənpərvər ziyalı, gözəl insan olan Zülfi Sadıxovun unudulmaz xatirəsi iş yoldaşlarının, doğmalarının və dostlarının qəbində daim yaşayacaqdır.

Allh rəhmət eləsin.

Rəhman Orxan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı