Modern.az

Azərbaycanda bir ayda 5 partiya fəaliyyətini DAYANDIRIB

Azərbaycanda bir ayda 5 partiya fəaliyyətini DAYANDIRIB

Ölkə

27 Mart 2023, 11:44

Azərbaycanda bu ilin mart ayında 5 siyasi partiya fəaliyyətini rəsmi olaraq dayandırıb. Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib.

 

Modern.az ləğv edilən partiyalarla bağlı məlumatları təqdim edir.

 

Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 1994-cü ildə qeydiyyata alınıb. Partiyanın sədri Abutalıb Səmədov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaradılmasında fəal şəkildə iştirak edib və AMİP-in Sumqayıt şəhər təşkilatının sədri olub. O, 1993-cü ilin mayında yaranmış fikir ayrılıqlarına görə AMİP-i tərk edib və ANAP-ı yaradıb. Abutalıb Səmədov 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib. 

 

Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, ilk və son sədri olub. O, bu yaxınlarda yerli mətbuata açıqlamasında “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulan 5 min üzv tələbinin kifayət qədər böyük olduğunu deyib. Martın 2-də partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib.

 

Fəaliyyətini dayandıran Birlik Partiyası isə 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın yaydığı bəyanatda bildirilir ki, onun üzvləri milli azadlıq hərəkatında yaxından iştirak edib. Birlik Partiyasının sədri Xudu Xudiyev olub. Partiyanın ləğv edilməsi barədə martın 9-da yayılan bəyanatı Xudu Xudiyev şəxsən özü imzalayıb.

 

Azərbaycan Azad Respublikaçılar Partiyası 2001-ci ildə bir qrup ziyalı tərəfindən təsis olunub, 2002-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. Partiya 2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində öz namizədləri ilə iştirak edib. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov idi.

 

Azərbaycan Təkamül Partiyası (ATP) 1995-ci ildə təsis edilsə də, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya yaydığı bəyanatda özünü "konstruktiv müxalifət" kimi təqdim edib. Partiya bir neçə dəfə parlament seçkilərinə qatılıb. Martın 18-də fəaliyyətinə xitam verən partiyanın sədri Teyyub Qənioğlu idi.

 

Mart ayında fəaliyyətini dayandıran digər partiya 1994-cü ildə yaradılan və növbəti il dövlət qeydiyyatına alınan Azərbaycan Sosial Rifah Partiyası (ASRP) olub. Xanhüseyn Kazımlı tərəfindən qurulan ASRP 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınıb. 1995–2020-ci illərdə partiyaya Xanhüseyn Kazımlı, 2020-ci ildən isə onun qızı Əsli Kazımova rəhbərlik edib. 

 

Xanhüseyn Kazımlı 2000–2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 1998-ci ildə baş tutan prezident seçkilərində iştirak edib. ASRP sədri Xanhüseyn Kazımlı 8254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşıb. 2020-ci ildə keçirilən parlament seçkilərində ASRP 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Əsli Kazımovanın namizədliyini irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyası dairədə keçirilən seçkilərin nəticələrini ləğv edib.

 

Partiyanın martın 23-də yaydığı bəyanatda bildirilib ki, beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzu artıb, daxili siyasətdə əhalinin sosial rifahı strateji prioritet kimi bəyan edilib, tarixi torpaqlarımız işğaldan azad olunub, bunları nəzərə alaraq partiya özünü buraxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq