İsraildə məhkəmə-hüquq islahatlarının əleyhinə çıxanların etirazlarından sonra bu dəfə onun ləğvinin əleyhinə aksiya keçirmək üçün çağırış edilib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, islahatlar paketinin həmmüəllifi Simxa Rotman tərəfdarlarını etirazlara səsləyib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandıracağını açıqlayıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.