İyunun 14-də Bakıda, Heydər Əliyev Sarayında “İnkişaf naminə birlik” devizi altında Azərbaycan qadınlarının IV qurultayı keçirilir.
Modern.az xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, xarici diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, QHT-lərin təmsilçilərinin qatıldığı tədbirdə 1815 nümayəndə iştirak edir.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O, çıxışı zamanı Azərbaycanı yalnız güclü şəxsiyyətin idarə edə biləcəyini vurğulayıb.
”Bizim belə bir güclü liderimiz var - bu, ölkə Prezidenti İlham Əliyevdir. Əminik ki, bütün Azərbaycan qadınları düzgün seçim edəcəklər. Biz hamımız sabitliyə, dinamik inkişafa, inamlı gələcəyə səs verəcəyik! Biz hamımız Qarabağ münagişəsinin həlli, Azərbaycanın beynəlxalq aləmdə mövgeyi və ölkənin iqtisadi inkişafının güclənməsi məqsədilə "İnkişaf naminə birlik" devizi altında gələcək seçkilərdə cənab İlham Əliyevi dəstəkləyəcəyik"