Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Milli Şuraya qatıla bilər. Bu barədə Modern.az-a açıqlamasında partiyanın sədr müavini Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, AMİP-in Milli Şura təklifinə yenidən baxması mümkündür.
“AMİP seçkilərdə iştirak edəcək. Biz bu barədə partiyanın mövqeyini bəyan etmişik. Ola bilər ki, öz namizədimiz olsun, ola da bilər ki, bizim siyasi xəttimizə uyğun olan başqa bir namizədi dəstəkləyək. Hər halda zamanında bunları görəcəyik.
Milli Şura ilə bağlı biz əvvəl də qeyd etimişik ki, bu müxalifətin ən yaxşı birlik formasıdır. Sadəcə olaraq bizim Milli Şurada təmsil olunmamamız bir sıra səbəblərdən aslıdır. Konkret olaraq bizi düşündürən bəzi suallar var idi ki, bunlara cavab ala bilmədiyimiz üçün Milli Şuraya qatılmadıq. Amma bütün bu suallar aradan qaldırılarsa biz yenidən Milli Şura məsələsinə baxa bilərik. Qeyd edim ki, partiyamızda Milli Şuranı dəstəkləyənlər də var, buna qarşı çıxanlar da”-deyə AMİP rəsmisi vurğulayıb.
Anar RÜSTƏMOV