“Milli Məclisə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi ölkə prezidentinin müvafiq sərəncamından sonra baş tuta bilər”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyib. Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi ilə bağlı hüquqi prosedurları izah edərkən o bildirib ki, sərəncamdan sonra müəyyən müddətə hazırlıqlar gedir və seçkilər keçirilir.
Millət vəkili onu da əlavə edib ki, reallıqda Azərbaycanda bu cür seçkilərin keçirilməsi praktikası yoxdur. “Hər halda bu, prezidentin səlahiyyətidir. Əgər dövlət başçısı belə hesab edirsə ki, buna ehtiyac yoxdur o zaman həmin seçkilər olmur. Onu da nəzərə almalıyıq ki, bu il prezident seçkiləridir. Ona görə də boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi real görünmür”.
Komitə üzvü bildirib ki, seçkilərin keçirilməsi Seçki Məcəlləsi ilə tənzimlənir.
Xatırladaq ki, 28 sentyabr 2012-ci il tarixində Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib. 3 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının bu məsələyə dair iclası keçirilib və toplantıda 34 saylı Xətai II dariəsindən Milli Məclisə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədova mandatından məhrum edilib.
Bundan başqa yol qəzasında həyatını itirmiş mərhum deputat Hikmət Atayevin də yeri Milli Məclisdə boş qalıb. Qeyd edək ki, Hikmət Atayev 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdi. O, 2013-cü il martın 7-də yol qəzasında həlak olub.
Aqşin KƏRİMOV