Türkiyədə "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan tez-tez müxalifətin səslərini bölmək tənqidinə tuş gəlməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, "Haber Global"ın efirində bu barədə danışıb.
"Əslində mənim namizədliyim seçkilərə getməyəcək bir çox insanımızın səs verməsini təmin edəcək. İqtisadiyyat, mədəniyyət, ətraf mühit, təhsil və xarici siyasət təkliflərimizlə insanlarımıza seçim təqdim etmək səs bölmək deyil, demokratiyanı zənginləşdirməkdir", - deyə namizəd vurğulayıb.
Qeyd edək ki, 14 mayda Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Prezidentliyə 4 namizəd qeydə alınıb: iqtidardakı "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, müxalifətdəki əsas qüvvələrin konsolidasiya olunduğu "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlu, ultra-sağçı siyasi qüvvələrin yaratdığı "ATA İttifaqı"nın namizədi Sinan Oğan və ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce. Namizədlərin yekun rəsmi siyahısı 31 martda elan olunacaq.