Modern.az

Deputatlar onlara silah verilməsini istəyir? - AÇIQLAMA

Deputatlar onlara silah verilməsini istəyir? - AÇIQLAMA

Ölkə

29 Mart 2023, 14:30

Milli Məclisin deputatı Fazil Mustafanın silahlı hücuma məruz qalması parlamentarilərin təhlükəsizlik məsələsini gündəmə gətirib. Ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan deputatların təhlükəsizliyinin gücləndirilməsi, bu məqsədlə onların şəxsi mühafizə və silahla təmin olunması barədə müxtəlif təkliflər səsləndirilir.

 

Bildirilir ki, Azərbaycanda sabitliyi pozmağa çalışan qüvvələr Fazil Mustafa ilə yanaşı, digər deputatları da hədəf seçə bilərlər. Bu baxımdan Milli Məclis üzvlərinin qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac olduğu deyilir.


Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə vurğulayıb ki, dövlətin müvafiq qurumları digər vətəndaşlarla yanaşı, deputatların da təhlükəsizliyini qoruyur. O, əlavə tədbirlərin görülməsinə zərurət olmadığını diqqətə çatdırıb.

 


"Fazil Mustafa ölkə daxilində və beynəlxalq birlikdə baş verən məsələlərə öz mövqeyini bildirən, dövlətçilik mövqeyində duran, milli maraqları üstün tutan həmkarımızdır. Təbii ki, ona qarşı sui-qəsdi hamımız pisləyirik. Fazil Mustafaya atılan güllə Azərbaycana atılan güllədir. Bu, həm də ölkəmizin sərbəst düşünmək, fikir bildirmək mövqeyinə qarşı atılan addımdır",- deyə o bildirib. 


A.Mirzəzadə vurğulayıb ki, Fazil Mustafanın səsləndirdiyi fikirlər hansısa xarici dairələrin xoşuna gəlməyib. Çox güman ki, hadisə məhz bu səbəbdən baş verib:

 

"Təhlükəsizlik orqanlarının yaranma günü və İsraildə səfirliyimizin açılışı ərəfəsində belə bir addımın atılması heç də təsadüfi deyil. Terror aktına ciddi hazırlıq görüldüyü hiss olunur. Hesab edirəm ki, dövlətimiz hadisənin üstünü tezliklə açacaq və təşkilatçılar həbs olunacaq. Dövlətimiz hər bir vətəndaşın təhlükəsizliyinin qorunması üçün çalışır. Biz də vətəndaşlardan biri kimi təhlükəsizliyimizin qorunduğunu hiss edirik".


 Deputat Elman Məmmədov isə söyləyib ki, Fazil Mustafa fəal mövqe ortaya qoyan deputatlardan biridir. 

 

"Mən rəsmi şəxs və vətəndaş kimi ancaq müvafiq dövlət qurumlarının açıqlamalarına istinad edirəm. Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin bu barədə açıqlamaları mövcuddur. Onsuz da rəsmi qurumlar tərəfindən baş verən hadisə terror aktı kimi qeyd olunub. Mən inanıram ki, dövlət orqanları cinayətkarları aşkar edəcək. Onu da qeyd edim ki, Fazil Mustafa həm bizim dostumuzdur, həm də Azərbaycan Respublikası Milli Məclisinin çox fəal mövqe ortaya qoyan deputatlarından biridir",- deyə parlamentari bildirib.

 


E.Məmmədov vurğulayıb ki, millət vəkillərini Azərbaycan əhalisindən fərqləndirməyə ehtiyac yoxdur:

 

"Ölkəmizin hüquq-mühafizə orqanları təkcə depuatların deyil, bütün vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün lazım olan tədbirləri görür. Doğrudur, Azərbaycan Respublikasının Konstitusiyasında belə bir maddə var ki, millət vəkillərinə dövlət təminat verir. Təbii ki, müvafiq qurumlar bu məsələ ilə məşğuldurlar. Düşünürəm ki, Azərbaycan Respublikasının bütün vətəndaşlarının təhlükəsizliyi təmin olunur. Millət vəkillərinin təhlükəsizliyi ilə bağlı xüsusi bir addım atılmasına ehtiyac yoxdur".

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mətbuata açıqlamasında deyib ki, deputatın istəyindən asılı olaraq, ona cangüdən təhkim edilə və müəyyən dövr üçün silah verilə bilər. 

 

M.Quliyevin fikrincə, bu məsələ deputatın seçimindən asılıdır. Bundan əlavə, o təklif edib ki, qanunsuz silah gəzdirmə və silah saxlama ilə bağlı cəzalar sərtləşdirilməlidir.

 

Qeyd edək ki, “Milli Məclisin deputatının statusu haqqında” qanuna əsasən, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.

 

Qanuna uyğun olaraq, deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

 

Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah - tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım