
“2013-2014-cü tədris ilində 3184 müəllimə ehtiyac var”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri üzrə 435, digər rayon və şəhərlər üzrə 2749 müəllimə ehtiyac var.
Nazirlik eyni zamanda ən çox hansı fənlər üzrə müəllimlərə ehtiyac olduğunu da açıqlayıb. Belə ki, Bakı şəhərində ibtidai sinif, fiziki tərbiyə və ingilis dili müəllimlərinə, digər rayon və şəhər məktəblərində isə daha çox kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika və ibtidai sinif müəllimlərinə ehtiyac var.
Məlumatda həmçinin ucqar ərazilərə müəllimlərin cəlb edilməsi üçün hansı güzəştlərin tətbiq olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur. Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir. Gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilir. Bunlardan əlavə , yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.
Aytən Əliyeva