
Milli Şura ətrafında dinamik müzakirələrin getdiyi bir vaxtda müxalifət düşərgəsinin digər orqanlarının fəaliyyətinin arxa plana keçməsi barədə söz-söhbətlər gəzir. Belə ki, 2010-cu ildə yaradılmış və ölkənin əsas müxalifət partiyaları olan Müsavatla AXCP-nin təmsil olunduğu İctimai Palatanın gələcəyi haqqında bədbin proqnozlar verilir. Milli Şura yaranandan sonra nədənsə İP-nin siyasi gündəmdən düşməsinin həqiqətən şahidi oluruq.
Modern.az qurum rəsmilərindən İP-nin gələcək taleyi ilə bağlı məsələyə münasibət öyrənib.
Müsavat başqanının müavini, İP üzvü Gülağa Aslanlının fikrincə, məsələ əslində müzakirə mövzusudur. “Ancaq bu haqda İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunub-olunmadığı haqda dəqiq məlumatım yoxdur”, – deyən Müsavat rəsmisi bildirib ki, Koordinasiya Şurası hansı qərarı verəcəksə, ona hörmətlə yanaşacaqlar.
AXCP sədrinin müavini, Fuad Qəhrəmanlı isə bildirib ki, İP-nin Koordinasiya Şurasında Milli Şura yaranan ərəfədə məsələ müzakirə edilib.
“İP-nin varlığı, yerlərdəki təşkilati resursları Milli Şuranın gələcək fəaliyyətinin daha təkmil və səmərəli qurulması istiqamətində əlavə imkanlar yaradır. Bu baxımdan İP-nin fəaliyyətinin davam etdirilməsi, ümumi maraqlara uyğundur. İP-nin fəaliyyəti məqsədə uyğun olmaqla yanaşı qarşıdakı dönəmdə öz siyasi aktivliyini davam etdirəcək”.
Aqşin KƏRİMOV