Azərbaycanda avtomobil idxalı ilə bağlı yeni qadağa müəyyən edilib. Ötən gün Nazirlər Kabineti istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsini qadağan edən qərar verib. Yeni qərarın 30 gün sonra qüvvəyə minməsi gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən hazırda ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.
Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:
- 2 ilə qədər olan minik avtomobilləri 2%;
- 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%;
- 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%.
Ümumilikdə isə yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.
Bəs, yeni qərar avtomobil bazarında qiymətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı Azərbaycanın avtomobil parkının yenilənməsinə və ekosistemin yaxşılaşdırılmasına yönəlib:
“Azərbaycanda yaşı 10 ili keçən avtomobillərin sayı həddindən artıq çoxdur. Son illər ərzində Gürcüstandan yararsız, ömrünü başa vurmuş metallom daşınırdı. Bunun qarşısı qismən alınacaq. Hazırda ölkəmizdə Avro-4 standartları tətbiq olunur. Bundan sonra Avro-5 ekoloji standarlara keçidlə bağlı qərar verilə bilər”.
Eldəniz Cəfərov ölkəmizə avtomobil gətirilməsi ilə bağlı qərarın vətəndaşlara və sahibkarlara zərər verməməsi üçün müəyyən təkliflər də irəli sürüb:
“Qərar 30 gündən sonra qüvvəyə minəcək. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil var. Onlar yoldadır. Bu avtomobillər əsasən Yaponiya, Cənubi Koreya və Birləşmiş Ştatlar kimi uzaq ölkələrdən alınıb. Gəmilər vasitəsilə həmin avtomobillərin gətirilməsi minimum 2 ay çəkir. Təklifimiz ondan ibarətdir ki, artıq sifariş edilmiş və pulu öldənilmiş avtomobillərin ölkəyə buraxılışı təmin olunsun. Ya da bu müddət ən azı 60 günə qədər uzadılsın ki, vətəndaşlarımız külli miqdarda zərərə düşməsinlər. Əks halda həmin avtomobillər Gürcüstanın limanlarında qala bilər”.
Ekspert avtomobil bazarında qiymət artımının olacağını əlavə edib: “Yeni qərardan sonra təxminən yay mövsümündə ikinci əl avtomobil bazarında bütün növ köhnə maşınların qiyməti təxminən 2 faiz civarında arta bilər”.