“Hərbi paradın keçirilməsi ordunun mübarizliyinin, formalaşmasının, modernləşdirilməsinin əsas göstəricisidir”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, istefada olan ordu zabiti Füzuli Rzaquliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada münasibət bildirərkən deyib
“Biz onsuz da işğal altındakı ərazilərimizi müharibə yolu ilə azad etməliyik”-deyən birlik sədri onu da əlavə edib ki, gənclərin vətənpərvərlik ruhunun qaldırılması üçün hərbi paradın keçirilməsi məqbuldur. Bu paradı alqışladığını söyləyən Füzuli Rzaquliyev Silahlı Qüvvələr günü ilə əlaqədar ordu heyətinə öz təbrikini də çatdırıb:
“Bütün şəxsi heyəti təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm. Arzum odur ki, növbəti ordu günümüzü Qarabağda qeyd edək. Buna bizim respublikamızın qüdrəti çatır”.
Xatırladaq ki, müstəqil Azərbaycanın ilk hərbi paradı 1992-ci ilin 9 oktyabrında olub. İkinci dəfə 2008, üçüncü hərbi parad isə 2011-ci ilin 26 iyununda keçirilib.
Aqşin KƏRİMOV