Modern.az

Simvola çevrilmiş prezidentin devrilməsi - “Məşhur qəsdlər”

Simvola çevrilmiş prezidentin devrilməsi - “Məşhur qəsdlər”

15 İyun 2013, 15:22

Modern.az “Dövlət və hökumət başçılarına məşhur qəsdlər” rubrikasından Çili prezidenti Salvador Alyendenin ölümündən bəhs edəcək.

  Salvador Alyende solçu görüşlərə malik bir siyasi lider idi. Çili Sosialist Partiyasının baş katibi olan Alyende 1970-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanmışdı. Xristian-demokratlar, kommunistlər və sosialistlərin birləşdiyi “Xalq Birliyi” İttifaqı seçkilərdə Alyendeni vahid namizədi seçdilər. Hakimiyyətdə olduğu cəmi üç il ərzində Çili iqtisadiyyatında önəmli islahatlar həyata keçirir. ümumi daxili məhsul istehsalı 20% artmışdı. Mənzil tikintisi artmış, işsizliyin səviyyəsi xeyli azalmışdı. Orta aylıq əmək haqları, pensiyalar və minimum əmək haqqı artırılmışdı. Aqrar islahatlarının keçirilməsi iri torpaq mülkədarlarının müqaviməti ilə qarşılaşdı. Çilinin ən böyük özəl şirkətləri milliləşdirildi. Bu isə Çili iqtisadiyyatını inhisara almış Amerikanın maraqlarına cavab vermirdi. Həm də Alyende hökuməti Sovet İttifaqı və Kuba ilə yaxınlaşmışdı.

Salvador Alyendeni devirmək üçün Amerika Mərkəzi Kəşfiyyat idarəsi ölkədəki müxalif partiyaları maliyyələşdirir və ölkədə böyük gücə malik ordu generalları ilə gizli əlaqələrə daxil olurdular. Bu generallardan biri isə general Auqusto Pinoçet idi. 1971-ci ildən Amerika xüsusi xidmət orqanları ilə əlaqədə olan Pinoçet Alyendeyə istefa etməsi üçün təzyiqlər etməyə başlayır. Paytaxt Santyaqonun qarnizon komandiri və sonradan Quru Qoşunları komandanı olan Pinoçet bir qrup yüksək rütbəli generalla əlaqəyə girərək hərbi çevriliş hazırlıqlarına hazırlaşır. Sağçı partiyalar 1973-cü ilin yazından başlayaraq ölkədə terror aksiyaları törətməyə başlayır. Bəzi günlərdə 50-dək terror aksiyası törədilirdi. Və 1973-cü il sentyabrın 11-də hərbi çevriliş baş tutur. Çevrilişdə piyada qoşunları aviasiya və artilleriya ilə kombinə edilmiş şəkildə fəaliyyət göstərib. Buna görə elə ilk saatlardan əksər dövlət obyektləri onların əlinə keçmişdi. Buna qarşı etiraz edən zabitlər yerindəcə güllələndi. Sosialistlər, kommunistlər və Həmkərlar İttifaqının üzvləri kütləvi həbs edilirdi. Hərbçilərin qiyamından xəbər tutan Alyende La-Menada prezident sarayına gəlir. Alyende vəzifəsindən getməyəcəyini və prezident sarayında əlində silah döyüşəcəyini bildirir. Mülki vətəndaşlar əllərində ov silahları onun sarayını müdafiə etməyə gəlir. Hərbiçilər sarayı mühasirəyə alırlar. Alyendeyə verilən son ultimatumda təslim olarsa, ailəsini də götürüb Çilini tərk etməyə icazə veriləcəyi bildirilir. Alyendenin cavabı isə qısa olur. “Yalnız qorxaqlar təslim olur. Sizin kimi”. Bunun ardınca La-Menadanın yaxınlığındakı “Maqalyensa” radiostansiyasına gələn Salvador Alyende xalqa son çıxışını edir. Çıxışında istefa etməyəcəyini bildirən Alyende, ölərsə bunun qorxaqlıq və satqınlığa qarşı böyük mənəvi zərbə olacağını bildirir. Əlində “Kalaşnikov” avtomatı Alyende və 40 nəfər tərəfdarı 3 saata yaxın sarayı qiyamçılardan qoruyur. Amma qüvvələr qeyri-bərabər idi. Müdafiəçilər bir neçə tankı məhv edirlər. Bu zaman təyyarələr saraya bir neçə raket zərbəsi endirirlər. Tanklar sarayın qapılarını məhv edirlər. Ardınca qiyamçılar saraya daxil olurlar. İntensiv atışmadan sonra Alyende əlində silah həlak olur. Sarayı ələ keçirən qiyamçılar prezidentin cəsədinə 30 yaxın güllə atırlar.

Salvador Alyendenin ölümü hakimiyyətə gələn Auqusto Pinoçetin başını çox ağrıdır. Qanuni seçilən prezidentin əlində silah sonadək mübarizə aparması  Çilidə onun adını əfsanəyə çevirir. Lakin onun necə və kim tərəfində öldürülməsi mübahisəsi davam edir. Ona görə də 2011-ci ildə cəsədin eksqumasiyası keçirilir. Beynəlxalq və yerli mütəxəssislər müəyyənləşdirirlər ki, Alyende əlindəki silahla başına açdığı atəş nəticəsində dünyasını dəyişib. Bundan sonra Alyendenin cəsədi Santyaqonun mərkəzindəki qəbiristanlıqda dəfn edilir. Uğurlu siyasəti və faciəli ölümü onu Çilidə ən önəmli siyasi xadimlərdən birinə çevirib.  

Vüqar İsmayılov       
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama