İranda keçirilən 11-ci dövr prezident seçkilərində mübarizə aparan 6 namizəddən Həsən Ruhani açıqlanan ilkin nəticələrə görə liderdir. Bəzi siyasi ekspertlər hesab edir ki, İranda əsas siyasi fiqur ali dini lider olduğundan prezidentlik institutu ikinci dərəcəli rol oynayır. Bu baxımdan siyasi texnoloqların fikrincə, İranın daxili və xarici siyasi kursunda hər hansı dəyişiklik olmayacaq. Lakin səslənən digər politoloji rəylərdə qeyd olunur ki, İranda islahatçı şəxsin prezidentlik kürsüsündə əyləşməsi xarici siyasətdə köklü dəyişikliklər yarada bilər. Bəs görəsən Həsən Ruhaninin prezident seçilməsi İsrail və Qərblə münasibətlərdə yumşlamalara səbəb ola bilərmi?
Modern.az-ın bu və digər suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb.
Düşüncəli insan Siyasi ekspert hesab edir ki, əsaslı dönüş olmasa da məntiqsiz və mənasız hədələr səsləndirilməyəcək. ““İsrail məhv edilməlidir” kimi bəyanatlar artıq düşünürəm ki, verilməyəcək. Bu hədələrlə Əhmedinejad özü üçün şan-şöhrət qazanırdı. Həsən Ruhani isə daha mülayim və düşüncəli adamdır. O, “İsrail xəritədən silinməlidir” kimi ifadələr işlətməyəcək. Ancaq təbii ki, İranın müstəqil dövlət kimi siyasət yürütməsini müdafiə edəcək”.
“ABŞ İranla bağlı siyasətində dəyişiklik etməsə...” ABŞ-la siyasi münasibətlərin perspektivini şərh edən analitikin fikrincə, siyasi gərginliyin aradan qaldırılması təkcə İrandan asılı deyil. “Bu həm də ABŞ-dan asılıdır. ABŞ İrana qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürməməlidir. İranın suverenliyindən imtinasını tələb etməli deyil. ABŞ öz politikasını beynəlxalq hüququn normalarına əsasən aparmalıdır. Bundan sonra iki ölkə arasında münasibətlər normallaşa bilər”.
Bəs Azərbaycan? “İrandakı azərbaycanlıların hüququnun qorunmasının qayğısına qalmaq lazım deyil. Kimdə vətən təəssübü, millət qeyrəti varsa, zəhmət çəkib müstəqil Azərbaycandakı soydaşlarımızın hüquqlarının pozulması bağlı öz etirazlarını bildirsinlər”-deyən Zərdüşt Əlizadə onu da əlavə edib ki, Ruhani prezident olacağı təqdirdə daha çox İrandakı etniklərin hüquqları ilə bağlı anlaşmaya üstünlük verəcək.
Xatırladaq ki, İranda iyunun 14-də 11-ci prezident seçkiləri keçirilib. 6 namizədin mübarizə apardığı seçkidə qələbəyə ən yaxın Həsən Ruhanidir.
Aqşin KƏRİMOV