Moden.az xəbər verir ki, iyunun 15-də Mətbuat Şurasının iclasında Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Təklif olunub ki, Ali Məclis Şuranın Nizamnamə tələblərindən irəli gələn qaydalara uyğun şəkildə baş tutmalıdır. Bu mənada ilk iş qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılmasıdır.
Belə qərara alınıb ki, MŞ-nin İdarə Heyətinin hazırkı tərkibi artıq Təşkilat Komitəsi kimi fəaliyyət göstərsin. Qarşıdakı müddətdə redasiyalarla mövcud istiqamətdə müvafiq iş aparılsın. İclasda eyni zamanda təklif olunub ki, MŞ-yə üzv gündəlik qəzetlərin və informasiya agentliklərinin ali məclisdə 2, həftəlik qəzetlərin, xəbər portallarının, jurnalların və jurnalist təşkilatlarının 1 nümayəndəsi qurultayda nümayəndə ilə təmsil olunsunlar. Qəbul edilən qərarlardan biri də qurultayın dəqiq tarixi ilə bağlı olub. TK üzvləri ali məclisin iyul ayının 12-də təşkilini məqsədəuyğun sayıblar. Tədbirin yerinin müəyyənləşdirilməsi barədə işlərin aparılması razılaşdırılıb.
Qeyd edək ki, qarşıdakı müddət ərzində Mətbuat Şurasına üzv redaksiyalara müvafiq məktublar və anket formaları göndəriləcək. Bu yolla onların qurultayın səsverməsinə çıxarılması üçün namizədlərini irəli sürmələrinə şərait yaradılacaq. Ən çox səs toplamış namizədlərin adları qurultaydakı yekun səsverməyə çıxarılacaq və bununla da MŞ-nin İdarə Heyətinin yeni tərkibi formalaşdırılacaq.
Modern.az