Türkiyədə prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası aparacağı mərhələyə start verilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, proses 13 maya - seçkidən 1 gün əvvələ qədər davam edəcək. Sükut günündən sonra 14 mayda seçkilər baş tutacaq. Əgər nəticələr seçkilərin ikinci turunun keçirilməsini şərtləndirərsə, bu dönəm üçün təbliğat-təşviqat dövrü isə 15 may - 27 may tarixlərini əhatə edəcək və ikinci tur 28 mayda keçiriləcək.
Kampaniya zamanı magistral yollarda, dini məbədlərdə və dövlət qurumlarında, universitetlərdə və tələbə yataqxanalarında, eləcə də ölkə xaricində və sərhəd-gömrük məntəqələrində təbliğat-təşviqat aparmaq qadağan edilib.
Həmçinin qeyd olunub ki, sabah namizədlər səsvermə bülletinində adlarının hansı sıralama ilə yerləşdirilməsini müəyyən etmək üçün püşkatmaya qatılacaqlar.
Xatırladaq ki, 14 mayda Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Prezidentliyə 4 namizəd qeydə alınıb: iqtidardakı "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, müxalifətdəki əsas qüvvələrin konsolidasiya olunduğu "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlu, ultra-sağçı siyasi qüvvələrin yaratdığı "ATA İttifaqı"nın namizədi Sinan Oğan və ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce.