Modern.az

Uçot dərəcəsinin artırılması qiymətlərə necə təsir edəcək? - Ekspertlərin rəyi

Uçot dərəcəsinin artırılması qiymətlərə necə təsir edəcək? - Ekspertlərin rəyi

İqtisadiyyat

2 Aprel 2023, 14:39

Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.75 faizə qaldırılıb. Mərkəzi Bankdan bildirilib ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

 

Uçot dərəcəsinin artırılması iqtisadi sferada nəyi dəyişəcək? Mərkəzi Bankın bu addımı qiymət artımına necə təsir edəcək?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan Mərkəzi Bankı klassik nəzəriyyəyə uyğun davranır və dünyada gedən proseslərə paralel addımlar atır:

 

“Əsasən Amerika Birləşmiş Ştatlarında uçot dərəcəsini artırmaqla inflyasiya ilə mübarizə aparılır. Uçot dərəcələrini artırmaqla inflyasiyaya təsir göstərəcəklərini düşünürlər. Azərbaycanda uçot dərəcəsi ilə inflyasiyaya qarşı mübarizənin birbaşa korrelasiyası görünmür. Sadəcə bunun nəticəsində bizdə kreditlər bahalaşır. Bank kreditlərinin bahalaşması hesabına iqtisadi aktivliyin aşağı düşməsi və inflyasiyanın zəiflədilməsi güman olunur. Ancaq bu plan Azərbaycanda işləmir. Azərbaycanda uçot dərəcəsi 3,75 faiz olanda da, 15 faiz olanda da yüksək inflyasiya görümüşük”.

 

Ekspertin sözlərinə görə, Azərbaycanda inflyasiya və qiymət artımına təsir edən amillər Mərkəzi Bankdan asılı deyil:

 

“Mərkəzi Bankın uçot dərəcəsini artırmaqla inflyasiyaya qarşı mübarizə aparması mümkün deyil. Məqsəd budur, ancaq yetərli deyil. İnflyasiya ilə mübarizə üsulları Azərbaycanda tamam fərqli olmalıdır. Həm vergi dərəcələri, həm də gömrük rüsumu faizləri aşağı salınmalıdır. Rəqabətli mühit yaranmalıdır. Biznes mühitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır”.

 

 

İqtisadçı ekspert Asif İbrahimov isə vurğulayıb ki, Azərbaycanın öz iqtisadi modeli var və buna uyğun qərarlar qəbul olunur:

 

“Bütün dünyada uçot dərəcələri hansı məqsədlə artırılırsa, bizdə də səbəb odur. Adətən ildə mövcud qiymətlər, inflyasiya əmsalı kimi məsələlər nəzərə alınaraq, belə addımlar atılır. Yəni bu, bizim hazırkı milli iqtisadiyyatımıza görə rutin işlərdən biridir. İnflyasiyaya səbəb olan amillər tamamilə fərqlidir. Bu addımın inflyasiyanın artmasına təsiri olmayacaq”.

 

İqtisadçı qeyd edib ki, bazardakı qiymətlərə təsir edən amillər tamamilə fərqlidir:

 

“Burada daxili və xarici faktorlar var. Xarici faktor dedikdə, Rusiya-Ukrayna müharibəsi, qlobal istiləşmə, Çin və Hindistanın həddindən artıq məhsul stoklamasını nəzərdə tuturuq. Daxili faktor dedikdə isə idxaldan asılı olmağmız, ölkədə istehsal olunan məhsulların xammallarının xaricdən idxal olunması kimi məsələləri qeyd edə bilərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi