Azərbaycanda adlar məsələsində çox ciddi səliqəsizlik var. Bir çox adamlar var ki, valideynlərinin qoyduğu adı dəyişdirmək istəyir və araşdırmalar göstərir ki, bununla bağlı Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbələrinə tez-tez müraciətlər daxil olur. Həmin müraciətlərin bəziləri müsbət cavablandırılır, bəziləri isə geri qaytarılır.
Müşahidələr göstərir ki, uşaq doğularkən ailələrdə adqoyma məsələsi bir çox hallarda ciddi müzakirələrə səbəb olur. Nənə-babalarla ata-analar bəzən körpənin bir ömür daşıyacağı ad üstündə ortaq məxrəcə gələ bilmirlər.
Ümumiyyətlə, adların insan həyatında özünəməxsus rolu var. Müəyyən olunub ki, körpələrə qoyulan adlar mənasına uyğun olaraq sonradan böyüməkdə olan uşaqların xarakterinin formalaşmasına, psixikasına, hətta karyerasına da təsir edir.
Azərbaycanda Ailə Məcəlləsinin 53.2-ci maddəsinə görə uşağa ad valideynlərin razılığı ilə verilir. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
Bakı şəhər sakini Dayandur Rüstəmov adının dəyişdirilməsi üçün müvafiq sənədlərlə yaşadığı rayonun VVADQ şöbəsinə müraciət edib və adını dəyişərək Bayandur etdirib. O, deyir ki, valideynlərinin qoyduğu bu ada görə dəfələrlə tay-tuşlarının xoşagəlməz zarafatlarına cavab verməli, bəzən mübahisə etməli, hətta dalaşmalı olub. Bir sözlə, adı başına bəla olub: “Bir də görürdün dostlardan kimsə zarafat edib əvvəlcə Dayan... deyir, arada azca fasilə verəndən sonra Dur... söyləyirdi, əsəblərimlə oynayırdılar”. Ona görə də uzun götür-qoydan sonra adının dəyişdirilməsi barədə qəti qərar qəbul edib.
Dilçi alimlər deyirlər ki, valideynlər uşağa ad qoyanda hansısa bir hisslərə qapılmamalıdırlar. Körpələrə ad seçərkən, həm onun necə səslənməsinə, həm də mənasına diqqət yetirmək lazımdır. Uşaqlara elə ad vermək lazımdır ki, böyüyəndə utanmasınlar. Təəsüf ki, bəzi hallarda valideynlər yeni dünyaya gələn körpələrə ad seçiminə başdansovdu yanaşırlar, bunun məsuliyyətini anlamırlar. Valideynlərin səhvən qəribə adlar verdiyi uşaqlar isə böyüyəndən sonra öz adlarından utandıqları üçün onu dəyişdirməyə çalışırlar. Bu isə onlara heç də asan başa gəlmir.
Azərbaycan Aşıqlar Birliyinin I katibi, folklorşünas Məhərrəm Qasımlı deyir ki, uşaqlara ad verilməsi məsləhətli şəkildə həyata keçirilməlidir.
”Mənə elə gəlir ki, ən düzgün yol bizim milli və tarixi keçmişimizlə bağlı olan adlardır ki, bunların uşaqlara verilməsi daha məqsədə uyğundur. Əgər ata-ana övladına yaxşı ad qoyursa ona heç müdaxilə etmək lazım deyil. Ağsaqqal-ağbirçək o zaman müdaxilə edə bilər ki, valideynlər övladlarına ad qoyanda yanlış seçim etsinlər və hansısa serialdan əcnəbi bir adı götürüb övladlarına versinlər. Ad verilməsi çox ciddi məsələ olduğuna görə müzakirə olunaraq təqdir olunan ad seçilməlidir”.
Hazırda Ədliyyə Nazirliyinin adlar siyahısında 80 minə yaxın ad var. Modern.az saytının Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatlardan görünür ki, Azərbaycandakı bəzi ailələrdə uşaqlara elə adlar qoyulub ki… Gülməli, utandırıcı… Gəlin diqqət yetirək…
Məsələn, Ədliyyə Nazirliyinin məlumatına görə, son 10 ildə 4 uşağa Ataman adı qoyulub. Ümumiyyətlə isə hazırda Azərbaycanda adı Ataman olan 73 nəfər yaşayır.
Hələ bu harasıdır, bəzi valideynlər övladlarına Cəllad adı verməkdən çəkinməyiblər. 2011-ci ildə doğulan 2 uşağa Cəllad adı verilib. Ümumilikdə isə hazırda Azərbaycanda 108 nəfərin adı doğum haqqında şəhadətnaməsində Cəllad olaraq yazılıb.
Övladlarına Molla adı qoyanlar da var. Cəllada baxanda yenə Molla şükürlüdür. Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə 3 uşağa valideynləri Molla adı qoyub. Bundan başqa, Azərbaycanda Mollaçı, Mollaəhməd, Mollayusif, Mollağa və Mollaəhməd adlı da xeyli uşaq böyüyür.
Azərbaycanda 32 nəfərin adı Karvandır. Yuxarıda adından utanıb onu dəyişdirən Dayandurun adaşı isə lap çox imiş. İndi ölkədə 148 Dayandur adlı vətəndaş var. Elə bu il - 2013-də 1 uşağa, son 10 ildə isə 4 uşağa Dayandur adı qoyulub.
Sizcə Qaytaran adı necə səslənir? Hazırda respublikamızda 71 Qaytaran yaşayır. Son 10 ildə doğulan 3 uşaq sənəddə Qaytaran adlandırılıb.
Məşhur “Kurtlar vadisi” serialndan təsirlənən bir ailə isə 2009-cu ildə doğulan övladına Poladələmdar adını qoyub.
İspaniyanın dünyaca məşhir “Real” futbol klubunun portuqaliyalı oyunçusu Ronaldonun adını Azərbaycanda yaşadanlar az deyil. Ədliyyə Nazirliyinin məlumatından görünür ki, son 10 ildə müxtəlif ailələrdə doğulan 10 uşağa Ronaldo adı verilib.
Heç Azar adlı da adam olar? Amma var, Azərbaycanda 30 nəfərin adı doğum haqqında şəhadətnamədə Azar yazılıb. Onlardan biri 2011-ci ildə doğulan uşaqdır.
2006-cı ildə dünyaya gələn bir uşağa isə valideynləri Fatağa adı qoyublar. İndi 7 yaşı olan Fatağanın böyüyəndə valideynlərinin bu hərəkətinə görə utanıb-utanmayacağı məlum deyil.
Son 10 ildə dünyaya gələn 9 uşağa Xan adı verilub. Yuxarıda sadalanan adlara baxanda Xan toya getməlidir.
Heç bilirsinizmi indi Azərbaycanda 125 nəfərin adı Yanvardır? Təkcə 2008-2009-cu illərdə 4 uşağa valideynlər tərəfindən Yanvar adı verilib.
Adlarla bağlı belə vəziyyət nəhayət rəsmi qurumları hərəkətə gətirib. Bu ildən Azərbaycanda yeni adların qoyulmasına xüsusi nəzarət etməyə başlayıblar. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından bildirilib ki, artıq bununla bağlı Terminologiya Komissiyası müvafiq dövlət qurumlarına təkliflər hazırlayıb. Terminologiya Komissiyasının nəzdində yaradılan Adlar və Soyadlar Bölməsi ölkədə mövcud olan adların tam siyahısını hazırlayaraq onu bütün VVADQ idarələrinə göndərəcək ki, körpələr doğulanda onlara utandırıcı adların verilməsinin qarşısı alınsın.
Ə.Qafarlı