Son zamanlar İranın Azərbaycana qarşı təhdidləri genişlənib. Həm SEPAH-a bağlı olan müxtəlif teleqram kanallarında yayımlanan təhdid dolu videoçarxlar, həm də iranlı generalların sərhəddə ölkəmizə qarşı səsləndirdiyi saxta iddialar münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Son olaraq İran hakimiyyəti guya Azərbaycan mediasında onların təhqir olunması ilə bağlı tezisləri ortaya ataraq kompensasiya tələb edib.
İranın Azərbaycana qarşı bu cür addımlar atmasının səbəbi nədir? Münasibətlərin daha da gərginləşməsi hansı ssenarilərə gətirib çıxara bilər?
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın İrandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, tarixçi Nəsib Nəsibli qeyd edib ki, İran 30 ildir Azərbaycanı təhqir edir.
"İranın Azərbaycanı təhdid etməsi ilə bağlı beynəlxalq aktorların hər hansısa bir addım atacağına ümidim yoxdur. Azərbaycan mətbuatında guya İranın təhqir olunması ilə bağlı Tehrandan rəsmi reaksiya verilib. Məsələ bundadır ki, İran 30 ildir Azərbaycanı, türklüyü təhqir etməklə məşğuldur. Buna tək "Səhər" kanalını misal göstərmək kifayətdir. Həmin kanalın proqramlarına nəzər yetirsək, ölkəmizin ünvanına necə təhqirlər yağdırıldığını görərik. İrana molla rejimi demək onların təhqir olunması mənasına gəlmir. Məncə, Azərbaycan İranın türk düşmənliyini doğru-dürüst ortaya qoymayıb. Bu, üzdəniraq tarixi və ənənəsi olan düşmənçilikdir", - deyə o bildirib.
N.Nəsibli vurğulayıb ki, İran eskalasiya xəttini tutarsa, arzuolunmaz nəticələr ortaya çıxa bilər:
"Azərbaycan mətbuatı bu düşmənçiliyin mahiyyətini hələ tam açmayıb. İran tərəfinin bu qədər narahat olması yersizdir. Ölkəmiz tərəfindən də lazımi cavablar verilir. Azərbaycan-İran əlaqələrinin gələcəkdə normallaşacağını indidən demək çətindir. Münasibətlər o qədər gərginləşib ki, növbəti addım artıq hərbi toqquşmalara gətirib çıxara bilər. İki ölkə arasındakı hazırda mövcud olan münasibətlər arzuolunmaz haldır. Münasibətlərin daha da gərginləşməsi istənilməyən nəticələr yarada bilər. İranın bundan sonra münasibətləri normallaşdırmağa və ya daha da gərginləşdirməyə çalışacaq addımlar atacağını təxmin etmək çətindir. Çünki İrandakı rejim məntiqlə hərəkət eləmir. Bu ölkədə beynəlxalq münasibətlərin mahiyyətini nəzərə almayan bir rejim var. İrandan müəyyən sürprizlər də gözləyə bilərik. Biz son 30 ildə bu cür gərginləşmə hallarına rast gəlmişik. İndi bundan sonra da İran tərəfi münasibətlərdə eskalasiya xəttini tutarsa, o zaman istənilməyən nəticələrin şahidi ola bilərik".