“Milli Şura ətrafında gedən söhbətlər hər kəs kimi məni də çox narahat edir. Milli Şuranın güclü olması müxalifətin güclü olması, sonda isə Azərbaycan dövlətinin güclü olması deməkdir”. Modern.az-ın məlumatına görə bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
““Sonra problemləri həll edərik” prinsipi kökündən yanlışdır”
A.İsmayılovun sözlərinə görə, Milli Şurada kimlərin olması əsas şərt deyil və onun prinsipləri daha vacibdir. “Hamı üçün əsas şərt Azərbaycanın dövlət müstəqilliyinin qorunması və insan hüquq və azadlıqlarının təmin edilməsidir”-deyən hüquqşünas qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyi isə ancaq avroatlantik məkana inteqrasiyadan keçir.
Aslan İsmayılov bəzi qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə problemləri həll edə biləcəkləri vədlərini verməsini də tənqid edib.
””Sonra problemləri həll edərik” prinsipi kökündən yanlışdır. Keçən əsrin əvvəllərində də bu cür yanlışlığa yol verildi və cəzası ağır oldu. Tam oxşar vəziyyət indi də var. İlin əvvəlindəki yazılarımın birində, “Milyarderlər İttifaqı” yaradıldıqdan, Dağıstanda Ramazan Abdulatipov hakimiyyətə gətirildikdən dərhal sonra yazmışdım: "Rusiyanın bura qayıdışı üçün hər şey hazırdır, artıq N.Nərimanov da var, tək zirehli qatar çatmır". Rusiyanın daxilində sakitlik olanda yox, gərginlik olanda ondan ehtiyatlanmaq lazımdır. Həmişə belə olanda Rusiya xarici düşmən amilindən istifadə edərək. daxildəki qüvvələri birləşdirib qonşu ölkələrə təcavüz edib. Dünya dəyişmiş olsa da, hələ ki, Rusiya hakimiyyətinin mahiyyəti dəyişmədiyindən bu amil daim nəzərdə olmalıdır. Bu fikir Rusiyadan bilərəkdən düşmən obrazı düzəltmək amili ilə üst-üstə düşməməlidir”-deyə o, vurğulayıb.
“Vahid namizəd Əli Kərimli ilə İsa Qəmbərin iradəsindən asılıdır” Milli Şuranın vahid namizəd məsələsinə də münasibət bildirən hüquqşünas deyib ki, həmin şəxsin Azərbaycanda olaraq mübarizənin önündə dayanması, üzərinə düşən məsuliyyəti dərk etməsi və bu yolda hər çətinliyə hazır olması vacibdir.
“Bu məsələnin çözümü, xüsusilə, Əli Kərimli ilə İsa Qəmbərin iradəsindən asılı olması heç kim üçün sirr deyil. Hər ikisinin bu məsələdə ortaq məxrəcə gəlməsi Azərbaycana olan sevgilərinin və özlərinin böyüklüyünün göstəricisi olacaq. Ətrafımızdakı mürəkkəb bir dövrdə bu yolda onlara uğurlar arzulayıram”-deyə A.İsmayılov müxalifət liderlərini birliyə çağırıb. Daha sonra Aslan İsmayılov sözünə belə davam edib: “Hakimiyyətdə təmsil olunanlardan isə bir istəyim var, Milli Şuraya düşmən gözü ilə baxmayın. Ölkədəki ağır durumu dərk edin, reallıq hissini, dövlətçilik məsuliyyətini unutmayın. Dörd tərəfinizdə Azərbaycanı xaosa sürükləmək istəyən qüvvələr var. Ölkə daxilindəki vəziyyət isə buna rəvac verə biləcək həddədir. Bilin ki, məhz güclü Milli Şura ölkədə stabilliyin təminatçısı ola, xalqın qabağına çıxa bilər. Ona görə də var gücünüzlə Milli Şuranı dağıtmağa çalışmayın”.
Aqşin KƏRİMOV