Rusiya 2011-2012-ci illər ərzində Azərbaycanla dəyəri 1 milyard dollar olan müqavilə imzalayıb. Modern.az saytı bildirir ki, bu barədə Rusiyanın “Vedomosti” qəzeti məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli zabiti bu xəbəri təsdiqləyib. Mənbə müqavilədə adı çəkilən silahların adlarını da açıqlayıb.
Müqaviləyə əsasən, Azərbaycana 94 ədəd T-90C tankı, 100-ə yaxın BMP-3, 18 ədəd “Msta-C” özüyeriyən artilleriya qurğusu, 18 ədəd “Smerç” reaktiv atəş qurğusu, 18 ədəd “Vena” artilleriya topu və 6 ədəd ağır atəş sistemi olan “TOC-1A” satılıb. Müqavilətə əsasən, bu silah komplektlərinə döyüş mərmiləri və bütün təmir-xidmət aparatları da daxildir.
Bu müqavilə Rusiya ilə Azərbaycan arasında birinci belə müqavilə deyil. Lakin hər bir belə xəbər Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanda əsəbi reaksiyalar doğurur. Halbuki, Ermənistan Rusiyadan silahı daxili qiymətlərə dəfələrlə ucuz qiymətə əldə edir.
Xatırladaq ki, Azərbaycan digər ölkələrdən də silah alır. Misal üçün 2012-ci ilin əvvəllərində Azərbaycan İsraillə dəyəri 1,6 milyard dollar olan hərbi müqavilə imzalamışdı. Müqaviləyə əsasən Azərbaycan İsraildən “Aviasiya sənayesi” konsernini, onlarla pilotsuz uçuş aparatlarını və müasir radar sistemləri almışdı.
Bir neçə gün öncə internetdə Azərbaycana aid olduğu iddia edilən hərbi texnikaların şəkilləri yayılıb. İddia edilirdi ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü keçiriləcək hərbi paradda həmin müasir və Rusiya istehsalı olan hərbi texnika nümayiş etdiriləcək.
Vüqar İsmayılov