Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu iyunun 9-da baş vermiş hadisə barədə birgə məlumat yayıb. Modern.az saytının xəbərinə görə, rəsmi məlumatda bildirilib ki, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, iyunun 9-da baş vermiş hadisədən az sonra tutulan 19 yaşı sürücünün daha sonra sərbəst buraxılması sosial şəbəkələrdə etirazlara səbəb olmuş, cəmiyyətdə birmənalı qarşılanmamışdı.
Ə.Zeynalovun atası Abbas Zeynalov Qubanın imkanlı şəxslərindəndir. Milliyyətcə yəhudi olan Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimədir. Zeynalovlar Qubada yaşayır.
Modern.az