Qarabağ və müharibəyönlü bir qrup təşkilat Qarabağ partizanı Məmməd Məmmədovla bağlı ölkə prezidenti İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət göndərib.
Məmməd Məmmədov 2003-cü ildə bir qrup gəncin yaratdığı dəstənin üzvü olub. Onlar Qarabağa gedib partizan müharibəsini başlamaq istəyiblər, lakin Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs olunublar, əməliyyat zamanı bir polis əməkdaşı həlak olub. Həmin ölüm hadisəsində Məmməd Məmmədov təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib. O, 10 ildir ki, həbsdədir. Avropa İnsan Haqları Məhkəməsi onun işinə baxıb və Azərbaycan Ali Məhkəməsinə onun işinə yenidən baxılmasını tövsiyyə edib. İyunun 27-də onun işinə Ali Məhkəmədə yenidən baxılacaq.
Modern.az xəbər verir ki, müraciət göndərən təşkilat rəhbərləri Ali Məhkəmənin sədri və Baş prokurordan isə ədalətlə yanaşılmasını, yüngülləşdirici halların nəzərə alınmasını, milli təhlükəsizlik nazirindən zərərçəkən qismində həddindən artıq sərt olmamalarını xahiş edirlər.
Prezidentə göndərilmiş məktubda isə xüsusi olaraq vurğulanır: “Biz cəmisi 20 yaşında bu hərəkəti törətmiş Məmməd Məmmədovu haqlı hesab etmir, onun hərəkətinə bəraət qazandırmırıq. Lakin ona həddindən artıq ağır cəzanın da verilməsini başa düşmürük. Onun həbsdə qalması gənclərimizin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir. O, ailənin tək övladıdır, atası vəfat edib, anası xəstədir. Biz Sizin bu ailənin və bu gəncin taleyinə diqqətlə yanaşacağınıza inanırıq. Necə ola bilər ki, Avropa Məhkəməsi Qarabağda döyüşmək istəyən bir gəncin talehinə bu cür hümanistlik göstərsin, bizim hakimiyyət, bizim məhkəmə, hüquq-mühafizə orqanları onun taleyinə biganə qalsınlar?! Siz Azərbaycan bayrağının təhqir edilməsinə dözməyən Ramil Səfərovun ömürlük həbsdən azad olunması kimi çətin bir işi həll etdiniz. İnanırıq ki, Qarabağda döyüşməyə getmək istəyən bir gəncin də həbsdə qalmasına razı olmayacaqsınız”. Müraciətləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Müharibə veteranlarının “Məşəl” cəmiyyətinin sədri Alman Abbasov, hərbi ekspert Azad İsazadə, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firudin Məmmədov, Mina Qurbanlarına Dəstək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov imzalayıblar.