Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə uzaq və yaxın keçmişdə çoxlu simalar gəlib-gediblər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən indiyədək seçicilərinin təmsilçisi olduqlarını iddia edən (əslində belə olmalıdır) simaları xatırlayın. Bu sırada kimlər olmayıb... Təbii ki, onların hər birini xatırlamaq mümkün deyil, həm də mümkündür. Çünki o vaxtdan bəri haradasa toplanan materiallarda kimin hansı iclasda nə dediyi silinməz olaraq qalır. Parlamentin iclas zalında nələr olmayıb? Əlbəyaxa dava da düşüb, ayağını yerə döyüb kiminsə əleyhinə çıxanlar da olub, bir-birini ən kəskin ifadələrlə məzəmmət edənlər də... Bir sözlə, zaman-zaman Milli Məclisdə əvvəlcədən planlaşdırılmayan, hərdən teatr səhnəsində müşahidə etdiyimiz epizodlarla rastlaşmışıq.
Modern.az saytı keçmişdə və yaxın zamanda yalnız parlamentin iclas zalında izlənilməsi mümkün olan müzakirələrdən seçmələri oxuculara təqdim edir. Bəri başdan qeyd edək ki, Milli Məclisdə həm gülməli, həm də necə deyərlər ağlamalı olaylar olub. Biz həmin hadisələrə heç nə əlavə etmədən stenoqramı olduğu kimi dərc edirik... Beləliklə,
Milli Məclisin 1996-cı il fevralın 28-də keçirilən iclasında kənd təsərrüfatı naziri İrşad Əliyev 1995-ci ilin yekunlarından danışır. Bir qədər gileylənir.
Spiker Rəsul Quliyev ona sual verir:
- İndi səsiniz bir az aşağıdan çıxır. Amma bir il qabaq səsiniz bundan qat-qat gur çıxırdı. O vaxt da demişdim ki, çıxışınız real deyil. İndi ikinci dəfə təkrar edirsiniz. 1996-cı ilin axırı o qədər də uzaqda deyil...
İrşad Əliyev:
- Siz necə bilirsiniz, Kənd Təsərrüfatı Nazirliyi hansı funksiyaları yerinə yetirməlidir?
Rəsul Quliyev:
- Düz danışmalıdır.
İrşad Əliyev:
- Düz danışmağın bir yolu var. Bəli, keçən il 1 milyon 200 min ton taxıl vardı. Traktor, kombayn nə ilə təmir olunur? Onun hamısı sağa-sola gedir.
Rəsul Quliyev:
- Keçən il xaricə nə qədər pambıq satmısınız?
İrşad Əliyev:
- 60 min ton.
Rəsul Quliyev:
- 60 min ola bilməzdi. Sizin 80 neçə min ton pambığınız vardı.
İrşad Əliyev:
- Dönərli valyutaya 60 min ton satmışıq. Yerdə qalan daxili ehtiyaclara gedib.
“48 milyon dollar hara gedib?”
Rəsul Quliyev:
- Daxili ehtiyac 16 min tondur. Onun 8 min tonunu vermisiniz, qalanı necə olub? Yaxşı, deyək ki, 60 min ton. Sizin hesabınızla hər tonda 800 dollar keçməliydi. Bu, 48 milyon dollar edir, 48 milyon dollar hara gedib?
İrşad Əliyev:
- Rəsul müəllim, burada çox söz deyirlər. Keçən il 1994-cü ilin məhsulunun qiymətindən 89 milyard manat məhsulun yığımına yönəldilib.
Rəsul Quliyev:
- Azərbaycan pambıqçıları 48 milyon dollar məbləğində vəsait almalıdırlar.
İrşad Əliyev:
- O vəsait belə icra olunur. Gəlir Milli Banka, oradan hamısı təsərrüfatların hesabına keçirilir. Onun başqa gedəsi yeri var?
Rəsul Quliyev:
- Bəs niyə indi deyirlər ki, pambıqçılara pul çatmır?
İrşad Əliyev:
- Keçən il bu vaxt dünya bazarında pambığın 1 tonunun satış qiyməti 2200 dollara idi. Bu gün 1800 dollardır.
Rəsul Quliyev:
- Bəs bu il pambığı niyə satmırsınız?
İrşad Əliyev:
- Artıq satılır. 750 min dollar zavodların hesabına keçib.
Rəsul Quliyev:
- Nə qədər satılıb?
İrşad Əliyev:
- İndiyəcən 16 min ton.
Rəsul Quliyev:
- Neçəyə başa gəlir?
İrşad Əliyev:
-Qiymət hər gün dəyişir.
R.Quliyev “yaxşı” deyib əl çəkir.
Yerdən “bu sizi dolayıb” səsləri eşidilir.
29.11.1996-cı il
Modern.az