Bugünlərdə mərhum dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı heykəlinin sökülməsi məsələsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə açılan qızğın müzakirələr ikitirəliyə səbəb olub. Belə ki, bir çox insanlar Nərimanovun Azərbaycan xalqı qarşısında böyük xidmətləri olduğunu deyərək, onun heykəlinin götürülməsinə etirazını bildirir, bəzilər isə bunun əksini düşünür.
Nərimanovla bağlı səsləndirilən fikirlər gənc nəslin nümayəndələri arasında çaşqınlıq yaradır və reallığın necə olması barədə suallar onlar üçün açıq qalır. Artıq bütün qaranlıq məqamlara işıq salmaq lazımdır ki, gələcək nəsillər həqiqətləri olduğu kimi qəbul etsin.
Mövzu ilə bağlı Modern.az-a danışan tarixçi alim, millət vəkili Musa Qasımlı bildirib ki, biz hər şeydən əvvəl tariximizə vəhdətlə baxmalıyıq.
"Cümhuriyyət dövrü, ölkəmizin bolşevik Rusiyası tərəfindən işğal olunması, 1991-ci ilə qədər Sovet hakimiyyətinin tərkibində olmaq və müstəqillik illəri də tariximizin bir parçasıdır. Biz tariximizə sistemdən, ideologiyadan kənar yanaşmalıyıq. Çünki tariximizin pisi də, yaxşısı da bizimdir. Amma tarixi keçmişimizə qiymət verərkən belə bir suala cavab verməliyik ki, hansı şərtlər, xadimlərin fəaliyyəti bizi müstəqilliyimizə daha da yaxınlaşdırdı, onun üçün zəmin hazırladı. Nəriman Nərimanov həkim, ictimai xadim, bolşevik işğalından sonra qurulmuş ikinci respublikanın hökumət başçısı olub. Onun fəaliyyətinə birmənalı qiymət vermək mümkün deyil. Amma fakt budur ki, mərkəzin hiyləgər kombinasiyası, təzyiqləri altında Zəngəzurun Ermənistana verilməsi haqqında bəyanatı 1920-ci ilin dekabrın 1-də verib. Ondan sonra Zəngəzurun qərb hissəsi Ermənistanın nəzarətinə keçib",- deyə professor bildirib.
M.Qasımlının sözlərinə görə, hansı rejimdə çalışmasından aslı olmayaraq, siyasi xadimlərimizə hörmətlə yanaşmalıyıq:
"Azərbaycan torpağının bir parçasından, yəni Naxçıvandan aralı düşüb. Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsilib. Diplomatiyanın bir qaydası var. Əgər hansısa dövlət başçısı bir məsələni həll edə bilmirsə, millət və dövlətinin ziyanına olan sənədlərə imza atmayıb, zamana buraxır. Fakt ondan ibarətdir ki, o dövrün Azərbaycan hakimiyyəti müstəqil deyildi və mərkəzin təzyiqi altında həmin əraziləri düşmənə verdi. Bu gün də olanların acı nəticəsini görürük. Tarixdə olan hadisələr o zamankı şəraitlər altında qiymətləndirilməlidir. Bütün fəaliyyətinə baxmayaraq, Nərimanovu hər zaman milliyətçi hesab ediblər. Sovet hakimiyyəti isə onu gözdən salıb. Mənim fikrimcə, biz hansı rejimdə fəaliyyət göstərməsindən aslı olmayaraq, siyasi xadimlərimizə hörmətlə yanaşmalıyıq. Onların üzərində məhkəmə qurmaq gərəkmir. Sovet dövləti də onların üzərində məhkəmə qururdu. Həmin dövr bizim tariximizin bir parçasıdır. O sistemdə çalışan, necə olmasında aslı olmayaraq, bütün dövlət siyasi xadimləri bizimdir. Mənim düşüncəm bundan ibarət olub ki, abidələr bəlli bir təəssüratı yaratdığı üçün ilk növbədə müstəqil dövlət qurucularının və bu yolda çalışanların abidələri qoyulmalıdır".
Bu məqamda xatırladaq ki,Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dövründə dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı heykəlinin sökülməsi barədə qərar qəbul edilib. Lakin o zaman Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Sahib Məmmədov qərarın icrasına mane olub və onun sayəsində Nərimanovun heykəli sökülməyib.
Hazırda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri postunda fəaliyyətini davam etdirən Sahib Məmmədov heykəl məsələsinin yenidən müzakirəyə çıxarılmasına münasibət bildirib. Bununla bağlı Modern.az-a danışan S.Məmmədov söyləyib ki, Nərimanovun heykəlini yalnız deformasiyaya məruz qaldığı halda götürmək olar.
"Çünki həmin şəxs dövlət xadimi, həkim və görkəmli yazıçı olub. Əlbəttə, bütün dövlət xadimlərini həmin dövrü nəzərə alıb, dəyərləndirmək lazımdır. İndiki dövrdən baxdıqda hansısa səhvlər görə bilərik. Ancaq qeyd etmək lazımdır ki, Nəriman Nərimanovun səhvləri ilə yanaşı, Azərbaycan xalqı qarşısında xidmətləri də olub. Ermənilərdə Anastasi Mikoyan var idi. Belə götürəndə həmin şəxs Ermənistanın Sovet İttifaqına qatılmasında böyük işlər görüb. Amma ermənilər Mikoyana münasibətdə belə hallara yol vermirlər. Bütün dövlət və ictimai xadimlər, yazıçılar və alimlərin səhvi də, böyük xidmətləri də olur. Ümumiyyətlə, heykəli aradan götürmək nə deməkdir ? Məsələn, Qızıl orduya aid ölkəmizdə monument vardı və biz onu sökdük. Əslində belə baxanda düz elədik. Həmçinin, Azərbaycana qarşı soyqırımında iştirak etmiş 26 Bakı komisarının heykəlini aradan qaldırdıq. Nərimanov bu soyqırımında iştirak edib? Məncə, Naxçıvan, Bakı və Azərbaycanın digər bölgələrində Nəriman Nərimanovun heykəlini sökmək olmaz".
Tarixçi-alim Firdovsiyyə Əhmədova qeyd edib ki, yazıçı, həkim, maarifçi, ictimai xadim kimi qəbul olunan, siyasət və dövlət xadimi kimi birmənalı qiymətləndirilməyən Nəriman Nərimanov əqidəsinin gerçəkləşməsinə gedən yolu sosializmdə tapmışdı.
"Amalı insanın insanı istismar etməyəcəyi, köləliyin olmayacağı bir cəmiyyətdə xalqının xoşbəxtliyini görmək idi; Millətini tərəqqi etmiş millətlər cərgəsində görmək idi; Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq idi; Azərbaycanın nümunəsində Şərq üçün ideal respublika modeli yaratmaq idi... Bütün ictimai-siyasi fəaliyyətini amalına xidmətə həsr etmiş Nərimanov həm sağlığında, həm də vəfatından sonra dəfələrlə yasaqlandı, yamanlandı. Həm sovet dövründə, həm müstəqillik zamanı. Sovet dövründə hakim bolşevik elitası onu millətçi, türkçü, burjua millətçisi, müsavatçı adlandıraraq təqib etdi. Əvvəlcə siyasi təcridi başladı, sonra da fiziki həyatı hələ də müəmmalı sayılan tərzdə sona yetdi. Özündən sonra adı belə yasaq edildi, siyasi bəraətdən sonra 100 illiyini qeyd edib, abidə ucaltmaq istəyəndə erməni millətçi-kommunistləri haray qaldırıb qarşısını almağa səfərbər olundular. Niyə ermənilər Nərimanovu düşmən bilirdilər? Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı. Onlara vəzifə verilməsinin əleyhinə idi. Onun iradəsi ilə Mikoyan daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə etdi, təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi. Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi. Azərbaycan respublikasının quberniya kimi Rusiya SFSR-in tərkibinə qatılması niyyətini neytrallaşdırdı. Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını aldı. Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu verdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə apardı. Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək verdi. Rusiyanın türk-müsəlman xalqlarının tərəqqisi yolunda hələ də həmin xalqlar tərəfindən minnətdarlıqla anılan xidmətlər göstərdi", - deyə tarixçi söyləyib.
F.Əhmədova onu da diqqətə çatdırıb ki, Nərimanov milli mətbuatın, ədəbiyyatın, milli teatrın, təhsilin tərəqqisinə önəmli töhfələr verib.
"Azərbaycanın maarifçilik tarixində əvəzsiz xidmət göstərdi. Bütün ictimai-siyasi fəaliyyətini insanlığa xidmət meyarı ilə yönəltdiyi halda arzuladığı cəmiyyətin mövcud bolşevik modeli ilə ziddiyyətini görüb məqbul bilmədiyi üçün mənəvi iztirabları ilə ömrünü başa vurdu. Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə Xalq adamı idi. Onu bolşeviklərin proqramı öz cazibəsinə salmışdısa, Nərimanovu da hakimiyyətə onun Xalq arasında nüfuzuna görə gətirmişdilər. İllərlə qazandığı nüfuzunu başda Stalin olmaqla bolşevik elitası öz maraqları yönündə sərf etməyə səy göstərdi. Onlara müsəlmanların etibar etdiyi şəxs lazım idi. Bu nə Qarayev idi, nə Axundov, nə də başqaları. Bu amili Nərimanov da anlamışdı və etiraf etmişdi. Artıq müsəlmanlar arasındakı nüfuzu onun mərkəzi bolşevik hakimiyyətinə qarşı mübarizədə əsas təzyiq silahı idi. Bu silahdan da axıra qədər istifadə etdi. Amma yalnız mərkəzlə deyil, Azərbaycanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmağına tərəfdar olan, formal müstəqilliyini belə itirməyə razı olan yerli türk-müsəlman kommunistlərlə mübarizə aparmalı oldu. Bu təkbaşına mübarizəsində hər zaman istəyinə nail ola bilmirdi. O cümlədən, özünün etiraf etdiyi kimi, Zəngəzurun bir hissəsinin ermənilərə keçməsi ilə bağlı. Bütün bunların baş verməyəcəyini Nərimanovun adı ilə bağlamaq isə dövrün reallığını nəzərə almamaqdır".
"Nərimanov kommunist olmasaydı, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt etməyəcəkdimi? Mübarizə ağ və qırmızı Rusiya arasında getdiyi halda hər ikisi üçün Qafqaz itirilməyəcək ərazi, Xəzər hövzəsi, Bakı həyati vacib məkan idi. Qafqaz respublikalarını bolşevik təcavüzündən qurtara biləcək dəstəyi Avropa dövlətləri vermədi. 1920-ci ilin yazındakı regional və beynəlxalq geosiyasi durum Azərbaycan Cümhuriyyətinin süqutunu labüd etdi. Belə miqyaslı mənzərədə Nərimanovu prosesi önləyə biləcək amil kimi qiymətləndirmək qeyri ciddidir. Əksinə onun qeyri-azərbaycanlı hakim bolşevik çoxluğu arasında mövcudluğunun nəticələrini diqqətə alıb vəziyyəti düzgün dəyərləndirmək olar. Əks təqdirdə 1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik", - deyə tarixçi-alim Firdovsiyyə Əhmədova Nərimanovla bağlı fikirlərini bölüşüb.