“NUR” Uşaq və Gənclərin İctimai Birliyi “Pozitiv” yeniyetmələrə psixoloji dəstək layihəsi çərçivəsində uşaqlar üçün yay düşərgəsi təşkil edib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşib.
Modern.az-ın məlumatına görə, Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Uşaq Sağlamlıq və İstirahət Mərkəzində keçirilən düşərgə zamanı psixoloq və fasilitatorlar tərəfindən uşaqların pozitiv düşünməsinə yardım edən mövzular ətrafında interaktiv təlimlər, müxtəlif qrup oyunları, idman yarışları keçirilib və mədəni proqramlar hazırlanıb. Düşərgə zamanı UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard uşaqlarla maraqlı görüş keçirib. Qonaq uşaqlara UNICEF-in fəaliyyəti barədə məlumat verdikdən sonra onları maraqlandıran və narahat edən mövzular ətrafında müzakirələr apararaq, sualları cavablandırıb.Həmçinin düşərgədə uşaqların Mərdəkan Qalası, Mərdəkan Dendrarisi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Düşərgənin sonunda iştirakçılar diplomlarla təltif olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsində başlıca məqsəd uşaqlara göstərilən psixoloji dəstəyin gücləndirilməsi və düzgün ünsiyyət vasitəsilə yetkinlik dövrünün çətinliklərinin aradan qaldırılmasına yardımçı olmaqdır.