Almaniyanın daxili işlər naziri Nensi Fezer ölkə tərəfindən qəbul edilən ukraynalı qaçqınların sayına və onlar üçün ayrılan büdcə vəsaitlərinin miqdarına yuxarı limitin tətbiq edilməsi məsələsini şərh edib.
Modern.az "Funke"yə istinadən xəbər verir ki, o, limit tətbiqinə qarşı çıxıb.
"Biz Avropanın ortasında dəhşətli müharibə yaşayırıq. Hər 10 qaçqından 8-i Ukraynadan gəlir. Bəşəriyyət üçün heç bir yuxarı həddi ola bilməz", - deyə nazir vurğulayıb.
Eyni zamanda, o, yerlərdə bələdiyyələrin vəziyyətinin indi çox ağır olduğunu etiraf edib. Bununla belə, Fezer bələdiyyələrin qaçqın və miqrantların yerləşdirilməsi üçün federal hökumətdən əlavə pul tələb etməsini başa düşə bilmədiyini bəyan edib.
Fezerin sözlərinə görə, bu il qaçqınların qəbulu xərcləri artacaq. Nazir hazırda Almaniyada Ukraynadan olan 1 milyondan çox qaçqının mənzil çatışmazlığı probleminin daha da geniş vüsət alacağı barədə qorxuları əsassız hesab edib.
“Qaçqınların demək olar ki, 70 faizi şəxsi evlərdə yerləşdirilib. Mənzil çatışmazlığı indiki miqrasiya böhranından əvvəl də mövcud olub və ukraynalıların qəbulu böyük şəhərlərdə əmlak qiymətlərinə əslində təsir etmir”, - deyə Almaniyanın daxili işlər naziri bildirib.