“İlqar Məmmədov Qərbin Azərbaycanda hansısa bir məxməri inqilablarla bağlı sonuncu və ən uğursuz layihəsidir”.
Bunu Modern.az-a Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, Avropa Parlamentinin Azərbaycan haqqında tələsik qətnamələr qəbul etməsi gələcək əməkdaşlığımıza töhfə verməyəcək.
“Son bir neçə ildə Avropa Parlamentinin Azərbaycanla bağlı tələsik və təcili müzakirələr formasındakı qətnamələrini müşahidə edirik. Baxmayaraq ki, biz Avropa İttifaqının üzvü deyilik və əslində Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin bizim üçün heç bir hüquqi qiyməti yoxdur. Amma Azərbaycan Avropa strukturları ilə əməkdaşlıq etdiyindən burada qəbul olunan məsələlərə reaksiya veririk. Təəssüf ki, Avropa Parlamenti özünün Şərq tərəfdaşlığı ölkələri ilə, o cümlədən Azərbaycanla bağlı bir qurum olmasına baxmayaraq, hər zaman tələsik, dəqiqləşdirmədən, heç bir ilkin müzakirə aparmadan belə, qətnamələr qəbul edir. Bunlardan sonuncusu isə İlqar Məmmədovla bağlı qətnamədir. Bizi təəccübləndirən odur ki, əslində Azərbaycanını ictimai-siyasi həyatında heç bir xüsusi çəkiyə malik olmayan və bir neçə üzvdən ibarət hərəkatın rəhbəri ilə bağlı məsələni Avropa siyasətinin gündəminə gətirib, təcili qətnamə qəbul edirlər. Belə təəssürat yaranır ki, Avropanı, eləcə də insan hüquqları ilə bağlı təşkilatları maraqlandıran başqa aktual məsələlər qalmayıb. Təəssüf ki, heç bir müzakirə aparılmadan, AVRONEST Parlament Assambleyasının heç bir komitəsində müzakirə olunmadan təcili formada qətnamə çıxarılır. Belə vəziyyət Avropa Parlamenti kimi qurumu gözdən salır. İnsanların siyasət adamlarının ona qarşı inamını azaldır”.
Son dövrlər Avropa Parlamentinin tək Azərbaycanla yox, başqa ölkələrlə də bağlı tələsik qətnamələr qəbul etdiyini deyən Əli Hüseynli belə qətnamələrin qəbulunun gələcək əməkdaşlığımıza töhfə verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, İlqar Məmmədov Qərbin, Avropanın Azərbaycanda hansısa bir məxməri inqilablarla bağlı sonuncu və ən uğursuz layihəsidir.
“Təəssüf ki, son dövrlər Avropa Parlamenti tək Azərbaycanla yox, başqa ölkələrlə bağlı da tələsik qətnamələr qəbul edir. Hesab edirəm ki, belə qətnamələrin qəbulu gələcək əməkdaşlığımıza töhfə verməyəcək. Həm də siyasət adamları artıq bu strukturların qətnamələrini ciddi qəbul etmirlər. Avropa Parlamentində müxtəlif formatlarda iştirak edərkən bu məsələni qaldırırıq ki, nə üçün belə təcili, tələsik qərarlar qəbul edirsiniz? Onların cavabı isə belə olur ki, siz bunlara əhəmiyyət verməyin, başqa ölkələrlə də bağlı qərarlar qəbul olunur. Bunu Avropa Parlamentinin rəsmiləri tez-tez söyləyirlər. Belə bir təəssürat yaranır ki, Avropa Parlamenti qeyri-ciddi bir qurumdur və bir neçə partiya birləşib belə bir məsələni gündəyilə gətirə bilir. Təsəvvür edin ki, 700-dən çox üzvü olan Avropa Parlamentinin 40 nəfər şəxsi iclasda iştirak edir və belə bir qətnamə qəbul edirlər. Əlbəttə bu, bütövlükdə Avropa Parlamentinin fikri deyil. Amma gərək onlar da yenidən prosedurlara fikir versinlər. Axı həmin qətnamələr istər-istəməz ölkələrlə bağlı olur, ictimailəşdirilir. Hər halda insanlar üçün maralı ola bilər ki, nə üçün Avropa Parlamenti gündəliyə belə bir məsələ çıxarıb. Hər halda bu bizim münasibətlərə töhfə verməyəcək və Avropa parlamentariləri, Qərb siyasətçiləri başa düşsünlər ki, bu cür layihələrlə Azərbaycana təsir etmək mümkün deyil. Mənə elə gəlir ki, İlqar Məmmədov Qərbin, Avropanın Azərbaycanda hansısa bir məxməri inqilablarla bağlı sonuncu və ən uğursuz layihəsidir”.
Gültəkin ƏLƏSGƏR