“Abbas Abbasov yaxşı işgüzar adamdır, amma onun adını vahid namizəd kontekstində hallandırmaq qeyri-ciddidir”. Modern.az-ın məlumatına görə, bu fikirləri eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “Yeni Müsavat”a müsahibəsində bildirib.
Milli Şuranın vahid namizədi və eləcə də Abbas Abbasovun namizədliyi haqda yayılan xəbərlərə münasibət bildirən eks-spiker bu varitantın qəbuledilməz olduğunu deyib.
“Hesab edirəm ki, bu mərhələdə vahid namizəd camaatın yaxşı tanıdığı, müxalif qüvvələrin əksəriyyətinin dəstəklədiyi şəxs olmalıdır. O şəxs qətiyyətli olmalıdır. Liderlik keyfiyyətlərinə malik olmalıdır. Natural xarizması olmalıdır. Sivil dünyanın bir çox ölkələrində tanınmalıdır. O şəxs bu gün Rüstəm İbrahimbəyovdur. Abbas Abbasovun adını vahid namizəd kontekstində hallandırmaq qeyri-ciddidir. Birincisi, müşahidələr və verdiyi bəyanatlar göstərir ki, o, özü bunu istəmir. Bu müddət ərzində dəfələrlə İlham Əliyevi dəstəklədiyini elan edib. İkincisi, Abbas Abbasov yaxşı işgüzar adamdır, ancaq o, liderlik keyfiyyətlərinə malik deyil. Mənə belə gəlir ki, düşmənləri onun adını vahid namizədlikdə hallandırmaqla hakimiyyətin repressiya aparatını ona tuşlatdırmaq istəyirlər”-deyə R.Quliyev vurğulayıb.
Modern.az