Modern.az

Putinin yeni ittifaq planı “suya düşdü” - ŞƏRH

Putinin yeni ittifaq planı “suya düşdü” - ŞƏRH

Dünya

8 Aprel 2023, 14:28

Finlandiyanın NATO-ya üzv qəbul edilməsi Moskvanı ciddi narahat etməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bir neçə gün öncə yaydığı bəyanatdan görünür ki, Kreml NATO-nun ölkənin sərhədlərində mövqelənməsini həyəcanla izləyir və buna qarşı adekvat cavab tədbirləri görməyə hazırlaşır. 

 

“Finlandiyanın NATO-ya üzv qəbul olunması ilə əlaqədar olaraq Rusiya təhdidlərin qarşısını almaq məqsədilə hərbi-texniki və digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq”, - deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.

 

Digər iddialara görə, NATO-nun güclənməsindən narahat olan Rusiya rəhbərliyi yeni hərbi ittifaq yaratmağı düşünür. KTMT-nin effektiv olmadığını deyən bəzi ekspertlərin fikrincə, prezident Vladimir Putin Qərbin qarşısında duruş gətirə biləcək ittifaq ideyalarını reallaşdırmağa çalışır. 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, Rusiya Finlandiyanın NATO-ya qəbul olunmasına etiraz etsə də, buna qarşı sərt addım ata bilməyəcək.


O fikirlərini belə əsaslandırıb: "Estoniya Finlandiyadan 20 il öncə NATO-ya qəbul olunub. Bununla NATO-nun sərhədləri Sankt-Peterburqa qədər irəliləyib. Rusiya o zaman strateji baxımdan nə etdi? Finlandiya da Sankt-Peterburqun şimalında yerləşir. Yəni mənim demək istədiyim odur ki, Rusiya əvvəl heç nə etməyibsə, indi də etməyəcək. Sadəcə S-400-lərin 3-4 diviziyasını Finlandiya ilə sərhədə yerləşdirə bilərlər. Əlbəttə, Rusiyanın NATO ilə bağlı açıqlamaları ritorikadan ibarətdir". 

 

İ.Vəlizadə vurğulayıb ki, Rusiyanın NATO-ya qarşı hərbi ittifaq yaratması mümkün deyil:

 

"İttifaq dedikdə Hindistan və Çinin Rusiya ilə birlikdə hərbi-strateji addımlar atması nəzərdə tutulursa, bu, real görünmür. Ancaq İran, Suriya, Belarus və Şimali Koreya ilə hərbi koalisya yaratmaq olar. Hətta Şimali Koreyanın da belə ittifaqa qoşulması müşkül məsələdir. Ümumiyyətlə, gələcəkdə Rusiyanın təşəbbüsü ilə hansısa birlik yaradılsa belə, bunun NATO ilə başa-baş gələ bilməsi sual altında qalcaq. Aydındır ki, NATO-ya üzv olan ölkələr iqtisadi, hərbi-siyasi potensial və digər cəhətlərdə Rusiyanın yaradacağı ittifaqdan üstün olacaq".

 

"Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyada olan imici ciddi şəkildə zədələnib. Eyni zamanda vurğulayım ki, son 30 il ərzində NATO ölkələri həm kəmiyyət, həm də keyfiyyət baxımında kifayət qədər güclənib. NATO-nun əvvəllər 11 üzvü vardısa, indi bu rəqəm 31-ə çatıb. Bu da ondan xəbər verir ki, Rusiya dünya miqyasında hərbi-siyasi mövqeyini itirir. Xüsusilə, Avropada Rusiyanın dayaqları zəifləyib", - politoloq əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI