Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az-ın sorğusuna münasibət bildirib. Belə ki, saytımızın “Milli Məclisin yaz sessiyasında hansı komitəni daha aktiv hesab edirsiniz” sualına parlament jurnalistləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsini siyahıda birinci olaraq göstəriblər.
Komitə sədri Əli Hüseynli isə jurnalistlərin komitənin yaz sessiyasındakı aktivliyini belə izah edib. Millət vəkili bildirib ki, həm ötən qış, həm də yaz sessiyasında komitə üzvləri Çingiz Qənizadə, Rəfael Cəbrayılov, Azay Quliyev maraqlı qanunvericilik təşəbbüsləri ediblər. Bunların bir hissəsi həm daxili ictimaiyyətdə, həm də beynəlxalq diskussiyalara səbəb olub.
“Eyni zamanda prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 147, 148-ci maddələrinə dəyişikliklərin edilməsi daha aktual və mediada müzakirə olunan məsələ kimi komitənin fəaliyyətini qabarıq edib. Ona görə də komitənin işi daha aktiv olub. Vaxtilə QHT, qrant haqqında qanunlara edilmiş dəyişiklik, eyni zamanda qanunsuz mitinq və toplantılarla bağlı İnzibati Xətalar Məcəlləsinə etdiyimiz iqtisadi sanksiyalar, Cinayət Məcəlləsində böhtan və təhqirlə bağlı maddəyə edilmiş texniki düzəlişlər daha çox müzakirə olundu. Mediada isə ən çox müzakirə olunan məsələ bunlar oldu. Əslində isə ənənəvi olaraq hüquq komitəsində çoxlu layihələr müzakirə olunur. Bunların əksəriyyəti prezident tərəfindən verilir. Sonuncu maraqlı məsələ isə Azay Quliyevin təklif etdiyi ictimai iştirakçılıq haqqında layihə də çox maraqlı oldu. Bu təşəbbüs ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının marağına səbəb oldu. İkinci bir amil komitə üzvləri günün ruhuna uyğun olaraq ictimai maraq kəsb edən qanunların ictimai müzakirələrini keçirir. Məncə bu səbəbdən Milli Məclisin yaz sessiyasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsi daha fəal olub”, – deyə Ə.Hüseynli qeyd edib.
Gültəkin ƏLƏSGƏR