Hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə üzvü olduğu Müsavat Partiyası arasında “Freedom House” qalmaqalı başlayıb. “Virtualaz.org”a verdiyi müsahibə ilə Müsavat düşərgəsində etirazlara səbəb olan N.Cəfəroğlu Modern.az saytına açıqlamasında fikirlərinin konkteksdən çıxarıldığını bildirib.
Hüquq müdafiəçisi daha sonra onun Müsavatdan çıxarılması ilə bağlı partiya fəallarının sosial şəbəkələrdə səsləndirdiyi fikirlərə münasibət bildirib. N.Cəfəroğlu bildirib ki, onu Müsavat Partiyasından çıxarsalar belə, özü ərizə yazmayacaq.
“Məni Partiyadan çıxarsalar da buna hörmətlə yanaşacam. Birincisi mən öz ərizəmlə Müsavatdan çıxan deyiləm. İstəyirlər məni partiyadan çıxarsınlar, özləri bilərlər. Mənim atam da, babam da Müsavata bağlı insanlar olublar. Müsavata bağlı olmasaydım, 2003-cü ildə hamı partiyadan qaçanda mən də gedərdim. Müsavat Partiyasının ən çətin günlərindən yanında mən olmuşam. Məni partiyadan çıxarda bilərlər, amma müsavatçılıqdan çıxara bilməzlər. Burda çıxararlar, gedib Türkiyədə Müsavatın üzvü olaram. Partiyadan çıxmaq müsavatçılıqdan çıxmaq demək deyil. Müsavatda niyə “Freedom House”u tənqid eləmək olmaz. Mənim dediklərimi konteksdən çıxarıblar. Türmədə olmuşam, döyülmüşəm, söyülmüşəm, amma əqidəmdən dönməmişəm. Haqqımda həmin fikri səsləndirənlər bolşevikdirlər.
Mənim Leyla Yunus kimi nə Antalyada villam var, nə də Almaniyada evlərim. Müsavat məni partiya üzvülüyündən çıxarmaq istəyirsə çıxarsın, heç vecimə də deyil”-deyə hüquq müdafiəçisi əsəbi tonda bildirib.
Müsavat Partiyasının başqan müavini Gülağa Alsanlı isə saytımıza açıqlamasında bildirib ki, N.Cəfəroğlunun partiya üzvülüyündən çıxarılmasından söhbət belə, gedə bilməz: “Bu məsələ partiyada müzakirə olunmayıb. Bizdə sadəcə fikir müxtəlifliyi var. Müsavat Partiyası olaraq “Freedom house”un hesabatını müsbət qarşılayırıq. Novella xanım da bildirir ki, onun müsahibəsi təhrif olunub”-deyə partiya rəsmisi bildirib.
“Azərbaycanda insan haqları çox yaxşı pozulur. Siyasi məhbuslarımız var, NİDA-çılar, İlqar Məmmədov, Qurban Məmmədov, jurnalistlər, dindarlar həbsdədir. Amma Azərbaycan dövləti haqqında bu fikirləri demək mənə çox pis təsir edir”.
“Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” hesabatını şərh edən N.Cəfəroğlu deyib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır.
“Virtualaz.org” N.Cəfəroğludan belə bir sitat da verib:
"Necə olur ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. “Freedom House” təşkilatı qələt eləyib. Monitorinqlər düzgün aparılarsa, biz də bu nəticələrlə razılaşarıq”.
Anar RÜSTƏMOV