“Peşə təhsilinin inkişaf etdirilməsi üçün Azərbaycan Türkiyə, Almaniya, Cənubi Koreya modellərindən istifadə etməyə çalışır”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Məlumatda bildirilir ki, Nazirlik bu ölkələrin təcrübələrini öyrənərək, ölkəmizdə tətbiq imkanlarını araşdırmaqdadır.
“İnkişaf etmiş ölkələrin əksəriyyətində peşə təhsili sisteminin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biridir. Belə ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi, ölkənin rəqabət qabiliyyətliliyinin artırılmasına və əhalinin gəlir səviyyəsinin yüksəldilməsinə xidmət edir. Avropanın bir çox ölkələrində, misal üçün, Almaniya, Avstriya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Fransa, İngiltərə və s. peşə təhsili sistemi çox inkişaf etmişdir. Bundan əlavə, Cənubi Koreya, Yaponiya, Avstraliya, Türkiyə, Sinqapur və s. kimi ölkələrin peşə təhsili sistemi də öz səviyyəsinə görə fərqlənir”.
Məlumatda həmçinin qeyd olunub ki, hər il ilk peşə-ixtisas təhsili müəssisələrinə 16-17 min dövlət sifarişi ilə kadrların hazırlanması həyata keçirilir. “Əgər 4-5 il öncə ilk peşə-ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müraciət edənlərin sayı çox az idisə, hazırda hər il təxminən 1500-2000 nəfər ödənişli əsaslarla peşə təhsili almaq üçün müraciət edir. İstər ödənişli, istərsə də dövlət vəsaiti hesabına təşkil edilən təlimlərdə keyfiyyət fərqi qoyulmur. Təhsil prosesinə qoyulan tələblər hər bir təhsil alan üçün eynidir”.
Nazirlik eyni zamanda peşə seçiminə dəstək sistemi portalının fəaliyyəti haqqında məlumat verib: “Bu portal peşə təhsili sistemi haqqında məlumatların geniş yayılmasına, peşə təhsili müəssisələrinə müraciət prosesinin elektron şəkildə həyata keçirilməsinə, məzunların iş tapmaq imkanlarının genişləndirilməsinə şərait yaradacaq”.
Aytən ƏLİYEVA