
Millət vəkili Çingiz Qənizadə bu gün mətbuatda ən çox müzakirə olunan “Freedom House” təşkilatının Azərbaycanla bağlı hesabatına və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin bəyanatına münasibət bildirib.
“Mən dəfələrlə demişəm ki, bəzi beynəlxalq təşkilatlar maliyyə və s. kimi yardım aldıqları ölkələrin siyasi maraqlarına xidmət edirlər.
“Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” adlı hesabatını da obyektiv qəbul etmək olmaz. Həmin hesabatda Avrasiya regionunun keçmiş sovet ölkələrində vəziyyət təhlil olunur. Çox təəssüfedici haldır ki, hesabatda Azərbaycan bu gün Tacikistan, Belarusiya, Türkmənistan, Özbəkistan kimi ölkələrlə eyniləşdirilir, Azərbaycanda insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyətin hökm sürdüyü qeyd olunur. Belorusun Avropa üçün tam qapalı bir ölkə olduğunu nəzərə almaqla digər respublikaların Azərbaycanla eyniləşdirilməsi nəinki ədalətsizlik, hətta Allahsızlıqdır”-deyə Ç.Qənizadə bildirib. Deputatın sözlərinə görə, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün böyük şəraitlər yaradılıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə vətəndaş cəmiyyətlərinə maliyyə və s. dəstək göstərilir. Vətəndaş cəmiyyəti ilə hökumət arasında qarşılıqlı anlaşma mövcuddur və tez-tez birgə tədbirlər həyata keçirilir.
“Parlamentdə siyasi partiyalar kimi vətəndaş cəmiyyətinin nümayəndələri – Azay Quliyev, mən və bir neçə digər şəxs təmsil olunur. Qanunların qəbulu və müzakirəsi zamanı vətəndaş cəmiyyətinin nümayəndələri parlamentə dəvət olunur və müzakirələrdə iştirak edirlər. Bir neçə gün bundan öncə Milli Məclisdə qəbul edilmiş “İctimai iştirakçılıq” haqqında Qanun icra və bələdiyyə orqanlarında vətəndaş cəmiyyətinin iştirakına daha güniş hüquqi status verəcək. Eyniləşdirildiyimiz ölkələrin heç birində isə bu hallar mövcud deyil. “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə gözlənilən səfəri ilə bağlı Avropa Komissiyasının prezidenti Joze Manuel Barossaya göndərdiyi məktub, yuxarıda da qeyd etdiyim kimi beynəlxalq təşkilatların maliyyə və s. kimi dəstək aldıqları ölkələrin siyasi maraqlarına xidmət edən məqamlardan biridir. Bir faktı nəzərə almaq lazımdır ki, bu il ölkədə prezident seçkiləri keçiriləcəkdir və bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədəki ictimai-siyasi sabitliyi həzm edə bilmirlər. Odur ki, bu cür bəyənatlar və s. kimi təzyiq metodları işə salınacaqdır”.
Ç.Qənizadə deyib ki, əgər problem varsa, bu məsələnin həlli beynəlxalq təşkilatların təzyiq üsulu olan bəyanatlarla deyil, ölkə daxilində danışıqlar və müzakirələrlə daha realdır.
““Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı ölkədəki hər hansı bir məsələylə bağlı narahatlığını ifadə edən məktubunu Avropa Komissiyasının Prezidenti Joze Manuel Barossaya deyil, Azərbaycan Prezidenti İlham Əliyevə göndərsəydi faktların araşdırılıb hüquqi qiymət verilməsi daha real olardı. Cənab Prezident hər zaman beynəlxalq təşkilatların obyektiv müraciətlərinə daha həssas və diqqətlə yanaşmışdır. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin bəyanatına gəlincə, belə hesab edirəm ki, Minsk Qrupu Azərbaycan xalqının əsəbləri və hissiyatı ilə oynayır.
20 ilə yaxındır ki, bir münaqişəni nizama sala bilməyən bu Qrup kimə lazımdır? Ata-baba yurdlarından qaçqın düşmüş 1 milyondan çox azərbaycanlının hüquqlarının bərpasına səy göstərməyən, işğalçını hələ də öz adı ilə çağırmağı bacarmayan bir Qrup nəyə lazımdır?
Nə qədər ki, ATƏT-in Minsk Qrupu beynəlxalq hüquq normalarını rəhbər tutaraq torpaqlarımızın işğaldan azad olunması üçün səy göstərməyəcək, işğalçını öz adıyla çağırmayacaq, bu Qrupdan heç bir obyektivlik gözləmək olmaz.
20 ilə yaxındır ki, nala-mıxa vurmaqla fəaliyyət göstərən bu Qrup nəhayət fakta və münaqişəyə konkret obyektiv münasibət bildirməlidir”.
Modern.az