Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi ilə birlikdə Brüssel şəhərində rəsmi qəbul keçirib.
Bu barədə Modern.az-a Azərbaycanın NATO yanındakı Nümayəndəliyindən məlumat verilib.
Tədbirdə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akkreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş hərbi attaşelər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və hərbi nümayəndə açılış nitqi söyləyib və qonaqları Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı tarixi və onun beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumatlandırıblar. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusilə qeyd olunub.
Qəbul zamanı Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndiriliv, Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdiriliv və qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
Modern.az