Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad son 12 ildə ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
“Xarici işlər naziri Feysəl əl-Mikdad və onu müşayiət edən nümayəndə heyəti iki qardaş ölkə arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanın dəvəti ilə Krallığın Ciddə şəhərinə işgüzar səfərə gəlib" - məlumatda deyilir.
Səfər Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ciddədə keçirilməsi planlaşdırılan iclası ərəfəsində baş tutur. İclasın əsas mövzusu Suriyanın Ərəb Dövlətləri Liqasına tamhüquqlu üzvlüyünün bərpası olacaq.
Ərəb Liqasının sammiti mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək.
“Reuters” agentliyi yazıb ki, Səudiyyə Ərəbistanı kralı Suriya prezidenti Bəşər Əsədi sammitə dəvət etmək niyyətindədir.
Xatırladaq ki, Suriyanın Ərəb Liqasına üzvlüyü 2012-ci ildə dayandırılıb və Dəməşqin bir sıra ərəb dövlətləri ilə diplomatik əlaqələri kəsilib.