Modern.az

FAO-nun baş direktoru Mehriban Əliyevaya dəvət məktubunu nazirə verib

FAO-nun baş direktoru Mehriban Əliyevaya dəvət məktubunu nazirə verib

20 İyun 2013, 15:55



Xəbər verildiyi kimi, kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konftansının 38-ci Sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərində səfərdədir.

19 iyun 2013-cü il tarixdə nazir İsmət Abasov FAO-nun baş direktoru cənab Joze Qratsiano da Silva ilə görüş keçirib. Təşkilatın baş direktoru 2012-ci ilin 17-20 aprel tarixlərində Bakı şəhərində keçirilmiş FAO-nun 28-ci Avropa Regional Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərini və səfər çərivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq, ölkə başçısının FAO ilə əməkdaşlığın yeni müstəvidə davam etdirilməsi üzrə siyasi iradəsini çox yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin Bakıda keçirilmiş Konfransın açılışında ölkə başçısının şəxsən iştirak etməsinin kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahədə beynəlxalq inteqrasiyaya Azərbaycanda ən yüksək səviyyədə önəm verilməsinin FAO üçün təqdirəlayiq olduğunu bildirib.   FAO-nun baş direktoru nazir İsmət Abasovu ölkəmizin 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması münasibətilə təbrik edib. Nazir İsmət Abasov Avropa Regional Konfransının sədri qismində Avropa regionu üzrə prioritetləri qarşı tərəfin diqqətinə çatdırıb. Təşilatın baş direktoru regional priotitetlərin ölkə, təşkilat və qlobal səviyyədə prioritetlərlə uzlaşdırılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər arasında həmçinin, ölkəmizin FAO ilə əməkdaşlığının mümkün yeni istiqamətləri müzakirə olunub. Nazir İsmət Abasov kənd təsərrüfatı sahəsi ilə yanaşı sosial və mədəni sahələrdə layihələrin əsasən daxili maliyyə vəsaitləri hesabına maliyyələşdirildiyini bildirib. Təşkilatın baş direktoru bu kontekstdə Azərbaycanın millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və ondan xaricdə həyata keçirdiyi sosial və mədəni layihələrdən məlumatlı olduğunu bildirib. FAO-nun baş direktoru Heydər Əliyev Fondu ilə rəhbərlik etdiyi təşkilat arasında sosial yönümlü layihələr üzrə mümkün əməkdaşlıq sahələrinin müzakirə edilməsi məqsədilə Mehriban xanım Əliyevanın Roma şəhərinə dəvət edilməsi təşəbbüsünü irəli sürüb və FAO-nun rəsmi dəvət məktubunu nazir İsmət Abasova təqdim edib.

Nazir İsmət Abasov Azərbaycan vətəndaşlarının FAO-ya işə götürülməsi və təşkilatda təmsilçiliyimizin qənaətbəxş olmaması məsələsinə diqqət çəkərək, soydaşlarımızın bu təşkilata işə qəbul olunması üçün bərabər şərtlərin yaradılmasının vacibliyini FAO baş direktorunun diqqətinə çatdırıb. Qarşı tərəf nazir İsmət Abasovun fikrinin düz olduğunu etiraf edib və bu statusun müsbət istiqamətdə dəyişdirilməsi istiqamətində tədbirlər görəcəyini vəd edib. FAO-nun baş direktoru ilə görüşdən sonra nazir İsmət Abasov təşkilatın müraciəti əsasında FAO müxbirlərinə müsahibə verib. Öz müsahibəsində nazir İsmət Abasov BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə və Dünya Ərzaq Sammitinin məqsədlərinə nail olmanın ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarından irəli gələn məsələlərin uğurlu həlli sayəsində mümkün olduğunu bildirib. O, həmçinin, Azərbaycanın milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin olunmasına bundan sonra da öz töhfəsini verməyə hazır olduğunu söyləyib.   

Səfər çərçivəsində həmin gün nazir İsmət Abasov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb.
Görüşlərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin ikinci katibi, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndənin müavini Fuad Fərzəlibəyov da iştirak edib. Səfər davam edir.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama