Ana Vətən Partiyasının sədri, deputat F.Ağamalı keçmiş millət vəkili Hüseyn Abdullayevlə parlamentdəki davası barədə Modern.az saytına danışarkən deyib ki, H.Abdullayevin parlamentdəki aqressivliyi təkcə onu qarşı yox, digər həmkarlarını da hədəfə alıb: “Lakin onlar onun söyüşlərini “yeməyi” bacardı. Mən isə yox”.
Həmin dövrdə parlamentin deputatı olmuş Nazim Məmmədov Modern.az-ın redaksiyasına telefon açaraq F.Ağamalının fikirlərinə etiraz edib.
"Mən təəssüf edirəm ki, deputat Fəzail Ağamalı Hüseyn Abdullayevlə bağlı probleminə indi də o zalda oturanları qoşur. Hər şey kameraların və bizim gözümüzün qarşısında baş verib, tənqid də, təhqiramiz ifadələr də, söyüş də, dava da. Hüseyn Abdullayev Fəzail Ağamalıdan başqa heç kəsi söyməyib və heç kəs o söyüşü "yeməyib" . Deputat özündən qəhrəman düzeltməsin, başqalarını da aşağılamasın. Sadəcə belə ifadələr yolverilməzdir".
N.Məmmədovun sözlərinə görə, Fəzail Ağamalı və Hüseyn Abdullayev davasının müzakirəsi zamanı, söz deməyə yazılıb, amma ona növbə çatmayıb:
”Deyəcəyim təklif o olacaqdı ki, "əgər toxunulmazlıq götürülürsə hər ikisindən götürülsün". Səsvermədə isə biterəf qalmışam, istintaqa ifadə verməyə dəvət etməyə cəhd göstəriblər, onlara da rədd cavabı vermişəm!”
Modern.az