Modern.az

Milli Qəhrəmana həsr olunmuş kitabın ilk nüsxəsi onun məzarına qoyulub - Təqdimat - FOTOLAR

Milli Qəhrəmana həsr olunmuş kitabın ilk nüsxəsi onun məzarına qoyulub - Təqdimat - FOTOLAR

20 İyun 2013, 17:16



Milli Qəhrəmanların tanıdılması ilə bağlı növbəti təşəbbüs baş tutub. Bu gün torpağa tapşırılmasından 21 il ötən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat və döyüş yolundan bəhs edən “Sərkərdə” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi əməkdar jurnalist, mayor İbrahim Rüstəmovdur Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən kitabın redaktoru və Milli Qəhrəmanın əsgəri olmuş Rey Kərimoğlu kitabın müəllifi haqqında danışıb. O bildirib ki, İ. Rüstəmov Qarabağ döyüşlərində həm jurnalist kimi iştirak edib, həm də həmin döyüşlərin şahidi olmuş nadir insanlardan biridir.

Kitabın özəlliyindən danışan Rey Kərimoğlu deyib ki, “Sərkərdə”də Qarabağ döyüşlərinə dair çox maraqlı faktlar yer alıb.
Millət vəkili Qənirə Paşayeva deyib ki, Ş. Mirzəyev başda olmaqla, milli qəhrəmanlar millət və dövlət qarşısında çox böyük xidmətlər göstəriblər. O, qeyd edib ki, Milli Qəhrəmanın döyüş yoluna həsr olunmuş kitabın ərsəyə gəlməsi çox sevindirici haldır və gənclər bu kimi əsərlərdən örnək götürməlidirlər: “Bu cür kitablara bizim çox böyük ehtiyacımız var. Çünki müharibədən sonra 20 yaşlı bir nəsil böyüyüb və o nəsil müharibəni görməyib. Bu kimi kitablar onlara o dövrü yaşatmaq üçün, millət qarşısında fədakarlıqla seçilmiş insanları tanıtmaq üçün önəmlidir. Qəhrəmanımız Şirin Mirzəyev də daxil olmaqla, milli qəhrəmanlar sözün əsl mənasında əməldə vətəni sevənlərdir. Gənclərimiz Şirin Mirzəyev başda olmaqla, həmin şəxslərdən örnək götürməlidirlər. Çünki hələ torpaqlarımız işğal altındadır və belə bir şəraitdə milli qəhrəmanların tanınmasına, təbliğinə böyük ehtiyac var”.
Ş. Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova da kitabın çox əhəmiyyətli olduğunu vurğulayıb: “Kitabın xüsusilə gənclərimizə böyük əhəmiyyəti olacaq. Hələ xalqımızın içindən çox Şirin Mirzəyevlər yetişməlidir ki, xalqımız Qarabağı azad edə bilsin. Məncə, Şirin Mirzəyev çox xoşbəxt adamdır ki, xalq onu unutmayıb”.
F. Qasımova qəhrəman barədə xatirələrindən də danışıb: “Biz onunla bir sinifdə oxumuşduq. Həm döyüşçü, həm ailə başçısı kimi gözəl insan idi. Döyüş yoldaşları bilir ki, o daima əsgərlərinə diqqət və qayğı göstərib. Onun ən böyük arzusu isə Azərbaycan ordusunun yaranması idi ki, bu gün də artıq Azərbaycan ordusu yaranıb və hətta Cənubi Qafqazın ən güclü ordusudur”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da tədbirdə çıxış edərək, bu kimi təşəbbüslərin gənc nəslin yetişməsində tərbiyəvi roluna diqqət çəkib. O, qeyd edib ki, gənc nəsil qəhrəmanlığı, vətənə sevgini milli qəhrəmanlarımızın qəhrəmanlıq salnamələrindən öyrənməli, öz real qəhrəmanların tanımalıdırlar.

Kitabın müəllifi İbrahim Rüstəmov isə deyib ki, Ş. Mirzəyev onu tanıyan insanların ürəyində hər zaman yaşayacaq. Müəllif qeyd edib ki, kitabın ilk nüsxəsini qəhrəmanın məzarı başında ona təqdim edib: “Orada Şirin Mirzəyevə ürək sözlərimi dedim. Ümid edirəm ki, onun haqqında hələ çox kitablar yazılacaq”.

Sonra Milli Qəhrəman Ş. Mirzəyevin döyüş yoldaşları onun barəsində xatirələrini danışıblar.

Elçin MURAD

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama